Bir neçə gün öncə Sənan Qurbanov "Neftçi”yə köməkçi məşqçi kimi təyinat aldı. Vaxtilə "Qəbələ”də, "Keşlə”də baş məşqçi kimi çalışmış Qurbanov bundan sonra Adrian Mutuya kömək edəcək.
Mütəxəssis Qaynarinfo-ya açıqlamasında "Neftçi”yə gəlişi, Mutunun işi və komandanın durumu haqda təəssüratlarını bölüşüb:
"Danışıqlar gedirdi, "Neftçi” yerli məşqçi axtarırdı. Baş məşqçi ilə görüşdük, ortaq məxrəcə gəldik. İş prinsiplərimizi müəyyənləşdirdik. "Neftçi” böyük klubdur, burada işləmək hər zaman şərəfdir. Mənim üçün klubun bir parçası olmaq önəmli idi”.
O, Mutunun oyun fəlsəfəsi, məşqləri haqda da danışdı:
"Mutu Avropa çox tanınmış futbolçu olub. Məşqçi kimi təcrübəsi var. Mənim üçün belə bir məşqçinin yanında çalışmaq yeni və böyük təcrübədir. Daha çox hücum futbolu oynatmağı sevən, həmçinin müdafiəni də unutmayan bir mütəxəssisdir. Öz fəlsəfəsini artıq komandaya ötürməkdədir. İstər iclasda, istər məşqlərdə olsun. Böyük futbolçu olub, tanınmış məşqçilərlə danışıb. Gözünün önündə bir futbol modeli var ki, onu həyata keçirmək istəyir. Düşününrəm ki, komanda daha yaxşı olacaq. Mutunun xüsusi fərqliliyi odur ki, böyük futbolçu olub, hissiyyatını komandamıza ötürmək istəyir. Bəzən mənim də suallrım olub ki, "Yuventus”da, "Fiorentina”da, top-klublarda oynamaq, orada qalmaq necə hissdir? Necə olur ki, futbolçular bu səviyədə xeyli qala bilirlər? O, komandaya bunları aşılamaq istəyir ki, hər zaman rəqabətə, stresə dözümlü, məşq proseslərində daha yaxşı olmalısan. Futbolçu özünə baxmalıdır. Mutu o səviyyəni yaşamış futbolçudur. Yaşadıqlarını da futbolçulara çatdırmaq istəyir. Həm yerli, həm əcnəbi, həm də gənc futbolçular, demək olar, başa düşməyə başlayıblar”.
Veteran futbolçu Mutunun oyunlar zamanı texniki zonada olduğu kimi, məşqlərdə də aqressivlik, çılğınlıq göstərdiyini dedi:
"Bəli, məşqlərdə də belədir. Hər hansı məşqi həyata keçirmək istəyirsə, həmin anda Mutu aqressiv, istəkli, çox hərəkətli olur. Məşqdə olanları oyuna keçirmək istəyir. Aqressivlik deyəndə, futbolçularla çox yaxşı münasibət qurmağı bacarır. İstədiklərini oyunda tələb edir”.
Qurbanov "Neftçi”nin geridə qalan üç turdakı çıxışını dəyərləndirdi:
"Yeni komanda qurmaq asan məsələ deyil. Bunu "Qəbələ”də də yaşamışam. Bəzi yeni qurulan komandalar var ki, onların üzərində təzyiqlər olmur. Çox rahat şəkildə işlərini görürlər və oyunları qısa müddət ərzində alınır. Amma böyük tələblər qarşısında bu bir qədər zaman alır. "Qəbələ”nin də iddiaları böyük idi, adlı-sanlı məşqçilər gəlirdi. Amma ilk vaxtlarda istədiyimizi ala bilmirdik. Bir müddət keçəndən sonra komanda toparlandı. Nəticələrin ürəkaçan olmasına baxmayaraq, bünövrəsi möhkəm idi. Eyni şəkildə də "Neftçi”ni görürəm. Başa düşürük, çox böyük azarkeş ordusu var. Hazırda azarkeşləri daha çox sevindirmək üçün oynanılır. Bir balaca zamana ehtiyac var. Sistem dərhal qurulmur. Yeni futbolçuların bir-birinə tam öyrəşməməsi normal haldır. Bu, qısa vaxt kəsiyində mümkün deyil. Oyunun içində bəzi məqamlar görünməyə bilər. Məşqlərdə isə zaman-zaman görünür. Bunlar pozitiv siqnallardır. Say daha çox ola bilər”.
"Neftçi”nin azarkeş ordusunun çılğınlığı, gücü, təzyiqləri bəlli idi. Bəs Qurbanov buna nə dərəcədə hazırdır?
"Elə peşə seçmişik ki… "Nefçi”də hər zaman qələbə qazanmaq məcburiyyətindəsən. Bu yöndə işlər də qurulur. Azarkeş dəstəyi çox böyükdür. Bir tərəfdən stresdirsə, digər tərəfdən belə azarkşləri olan komandada işləmək sevindirici haldır. Azarkeşlər daha çox motivasiya verir. Stresi kənara qoyub, bunları göz önünə gətirirəm. Daha yaxşı olmalıyıq ki, onlar da sevinsinlər. Məğlubiyyətdən sonra azarkeşlərin etirazlarını bildirməsi normaldır. Bu, komandanı bir qədər də silkələyir və daha məsuliyyətli olmağa məcbur edir. "Neftçi” azarkeşləri böyük motivatordular. Artıq isinmə hərəkətlərində fanklubun aktivləşdiyini görürsən və bu futbolçulara motivasiya verirlər. Daha çox bu prizmadan yanaşıram”.
Səbuhi Həsənov
Şərhlər