ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan həftə sonu səudiyyəlilərlə danışıqlarda əhəmiyyətli irəliləyiş əldə etdikdən sonra Birləşmiş Ştatlar və Səudiyyə Ərəbistanı ikitərəfli müdafiə paktı üzrə yekun razılaşmaya yaxındır.
Qaynarinfo "Reuters”ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi
bildirib.
ABŞ prezident administrasiyasının sözçüsünə görə, hər iki tərəf ikitərəfli razılaşmaya "həmişəkindən daha yaxındır" və bu, hazırda "son nəticəyə yaxındır".
Sazişin krallığı qorumaq üçün ABŞ-ın rəsmi zəmanətlərini, eləcə də Çindən silah alışına son qoyulması və Pekinin bu ölkədəki sərmayəsinə məhdudiyyətlər müqabilində Səudiyyə Ərəbistanının daha müasir Amerika silahlarına çıxışını əhatə edəcəyi gözlənilir.
Adı açıqlanmayan ABŞ rəsmisi agentliyə bildirib ki, danışıqlarda Vaşinqtonun müqavilə çərçivəsində Ər-Riyada F-35 qırıcıları və digər silahlar satması müzakirə olunur.
F-35-in səudiyyəlilərə potensial satışı müxtəlif səbəblərdən təmin edilməyib, lakin krallığın illərdir qırıcılar axtarışında olduğundan bu məsələnin müzakirəyə daxil edilməsi vacib idi.
"Reuters”in qeyd etdiyi kimi, istənilən razılaşma İsraillə uzunmüddətli razılaşmaya uyğun olmalıdır: bölgədə satılan ABŞ silahları Yəhudi Dövlətinin "keyfiyyətcə hərbi üstünlüyünə" xələl gətirməməli, ABŞ-ın İsrailə verdiyi silahların qonşularına satılan silahlardan "qabiliyyət baxımından üstün olmasını" təmin etməlidir.
Adı açıqlanmayan rəsmi qeyd edib ki, müdafiə paktı NATO sazişi kimi sazişlərə uyğun olmayacaq. Başqa bir anonim ABŞ rəsmisi agentliyə deyib ki, onlar arada olan əsas elementlərlə bağlı anlaşmaya çox yaxındır.
"Əlbəttə, biz də israillilərə və fələstinlilərə təsir edən məsələlər üzərində işləməliyik ki, bu da istənilən potensial normallaşma sazişinin kritik tərkib hissəsidir”, deyə mənbə bildirib.
Materialda deyilir ki, ABŞ-Səudiyyə Ərəbistanı sazişinin Ər-Riyadla ən son texnologiyaların, xüsusən də süni intellektin mübadiləsini də nəzərdə tutacağı gözlənilir.
Kirbi, ABŞ-Səudiyyə Ərəbistanı razılaşmasının imzalanması vaxtının bəlli olmadığını və ABŞ prezidenti Co Baydenin son məqsədinin Fələstin dövləti olduğuna, lakin İsrailin Qəzzada Həmas ilə müharibə aparması ilə bu dövlətin yaradılmasına dair razılaşmanın yaxın gələcəkdə mümkün olmadığına diqqət çəkib.
Nizami Bağırov
Şərhlər