Xəbər lenti

ABŞ-ın yerini kim tutacaq: Rusiya, yoxsa Çin? (ŞƏRH)
Dünya 17:30 23.12.2025

ABŞ-ın yerini kim tutacaq: Rusiya, yoxsa Çin? (ŞƏRH)

"Bu, son onilliklərin tarixi inkişafını müəyyənləşdirən əsas xətlərdən biridir".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev ABŞ-ın qlobal lider statusuna hər hansı təhlükənin real olub-olmadığı barədə danışarkən deyib. 

Ekspert qeyd edib ki, hazırda əsas rəqabət ABŞ-la Çin arasında gedir, Rusiya isə bu rəqabətdə iştirak etmir:

"Həm Rusiya, həm də Çinin ABŞ-ın qlobal mövqeyinə təhlükə yaratdığı çoxdan müzakirə olunur. Bu, son onilliklərin tarixi inkişafını müəyyənləşdirən əsas xətlərdən biri olub. Hazırda iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə Çin ABŞ-ı ayrı-ayrı bazarlardan sıxışdıraraq, çıxarıb. Metal, yeni texnologiya, silah istehsalında iki ölkə arasında rəqabət olduqca güclüdür. Amma bütövlükdə götürəndə ABŞ hələlik özünün lider mövqeyini saxlayır. Rusiya isə mövqeyini xeyli dərəcədə itirib. Həm istehsal, ticarət sahələri, həm siyasi çəki baxımından Moskvanın mövqeləri xeyli dərəcədə zəifləyib. Amma ABŞ-la Çin arasında gedən rəqabət dünya siyasətinə, qəbul olunan qərarlara təsir göstərən ən mühüm göstəricidir".



Amerikanın yerini Çin və ya Rusiyanın tutmasının Azərbaycana təsirlərinə gəldikdə isə ekspert düşünür ki, burada başlıca məqam ölkəmizin həmin rəqabətdə öz marağını ortaya qoyub, onu müdafiə etməyi bacarmasıdır:

"Çünki rəqabət həm faciə, həm də inkişafın əsas səbəblərindən biridir. Başlıcası odur ki, böyük güclər arasında rəqabət zamanı kimin bir addım irəli, kiminsə bir addım geri olmasından asılı olmayaraq, ölkəmiz həmin rəqabətdə öz marağını ortaya qoyub, onu müdafiə etməyi bacarsın. Bu, iqtisadiyyatın quruluşundan, onun Çinə, yoxsa ABŞ-a daha çox meylli olmasından, coğrafi mövqedən asılıdır. Vacib olan odur ki, öz marağını ortaya  qoymağı bacarmaq və nəhənglərin rəqabət meydanında irəliləyə bilmək üçün ölkənin özünün iqtisadi, hərbi, intelektual  qüvvəsi, sosial gücü olmalıdır. Nə zamansa, nəhənglər arasındakı ziddiyyətlərdən istifadə etməklə, nə zamansa da özünün konkret mövqeyini ortaya qoymaqla addım atmalıyıq".

Qeyd edək ki, ABŞ-ın keçmiş prezidenti Co Bayden mətbuata açıqlamasında ABŞ-ın qlobal lider statusunu itirəcəyi təqdirdə, onun yerini Rusiya və ya Çinin tutacağını bəyan edərək bildirib ki, əgər onlar aparıcı güc olmağı  dayandırsa, yerlərini kim tutacaq - Rusiya, yoxsa Çin?

Onun sözlərinə görə, ABŞ "bütün  dünya qarşısında məsuliyyət daşıyır” və buna görə də qlobal liderliyini qoruyub saxlamalıdır. 

Rüfət Sultan

Sorğu

--> -->