"Belə vəziyyət ilk növbədə liberal iqtisadi modeldən imtina və mərhələli şəkildə konservativ qapanmış iqtisadi modellərə keçidə gətirib çıxara bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov ABŞ-la Çin arasında ticarət savaşının qlobal dünyaya nə vəd etdiyini şərh edərkən deyib.
Rəşad Həsənov bildirib ki, ABŞ-la Çin arasında ticarət savaşı birbaşa iqtisadi müharibə kimi qiymətləndiriləcək addımlardır. Çünki dünyanın ən güclü iqtisadiyyatı digər iqtisadiyyatlara münasibətdə artıq konkret sərhədlər müəyyən edir, konkret məhdudiyyətlər tətbiq etməyə cəhd göstərir:
"Belə vəziyyət ilk növbədə liberal iqtisadi modeldən imtina və mərhələli şəkildə konservativ qapanmış iqtisadi modellərə keçidə gətirib çıxara bilər. Bu isə iqtisadiyyatın ana prinsipi olan mövcud resursların daha səmərəli istifadə edilməsi prinsipinin pozulması ilə nəticələnəcək. Çünki belə şərtlər daxilində ölkələr çalışacaq ki, öz iqtisadi müstəqilliklərini mümkün qədər öz resursları hesabına təmin etsinlər. Bu isə ona gətirib çıxaracaq ki, müqayisəli üstünlüklərdən istifadə etmə imkanları məhdudlaşacaq. Ölkələr əksər mal və xidmətləri özləri istifadə edəcək və bu da qeyri-müqayisəli üstünlük hallarında daha çox resursun sərfinə, daha çox qeyri-səmərəli istehsala səbəb olacaq".
İqtisadçı qeyd edir ki, belə şəraitdə uzun müddətli dövrdə iqtisadiyyatlar resurs qıtlığının ciddi problemilə üz-üzə qalacaqlar:
"Bu, eyni zamanda, qiymətlərin sərt şəkildə bahalaşmasına gətirib çıxaracaq. Ölkələr arasında tətbiq edilən rüsumlar daxili bazarda məhsulların daha baha təklif edilməsinə rəvac verəcək. Bütövlükdə baş verən proses qlobal iqtisadi aktorlar arasında sərvət axınını məhdudlaşdıracaq. Dolayısı ilə qısamüddətli dövrdə qiymət artımları meylləri güclənəcək. Yaranacaq bu vəziyyət sonrakı mərhələdə işsizlik, yoxsulluq kimi problemlərin artmasına səbəb olacaq”.
Həmsöhbətimiz düşünür ki, Azərbaycan qlobal iqtisadiyyatın oyunçusu olduğundan eyni problemlər ölkəmiz üçün də keçərlidir:
"Azərbaycan iqtisadiyyatı əhəmiyyətli səviyyədə idxaldan asılıdır. Bu asılılıq da sonrakı mərhələdə qiymət artımlarına rəvac verəcək. Mövcud şərtlər daxilində ABŞ adminstrasiyası qəbul etdiyi qərarların inflyasiya təzyiqlərinin bir qismini neytrallaşdırmaq üçün mümkün qədər daha çox enerji siyasəti həyata keçirməyə cəhd edəcək. Bu da qlobal bazarda neftin ucuzlaşmasına gətirib çıxaracaq. Eyni zamanda, bu vəziyyət Azərbaycan iqtisadiyyatının mövcud potensialının üzə çıxarılması, iqtisadiyyatın şaxələndirilməsi, regionlara görə tarazlı böyümə istiqamətində müəyyən fürsətlər yarada bilər".
Qeyd edək ki, ABŞ-la Çin arasında ticarət savaşı qızışır. Donald Tramp Çindən gətirilən mallara 10 faizlik kömrük rüsumları tətbiq etmək qərarı verib. Pekin də öz növbəsində cavab addımları atacağını bildirir. Bu, iki ölkə dünya iqtisadiyyatının əsas lokomotivləri hesab olunur. Onlar arasında ticari əlaqələrin həcmi 1,4 trilyon dollardan çoxdur. Belə olan halda, iki nəhəng ölkə arasında yaşanan ticarət savaşı aydın məsələdir ki, dünya iqtisadiyyatını da təlatümə salacaq.
Rüfət Sultan
Şərhlər