Xəbər lenti

NATO-dan ABŞ qoşunlarının Avropadan çıxarılması ilə bağlı açıqlama
Dünya 12:04 05.12.2025

NATO-dan ABŞ qoşunlarının Avropadan çıxarılması ilə bağlı açıqlama

Avropadakı amerikalı hərbçilərin sayının azaldılması qitənin müdafiəsinə əlavə yük yaratmayacaq. 

Qaynarinfo xəbər verir ki, bunu "Politico”nun yazdığına görə NATO-nun Avropadakı birləşmiş qüvvələrinin ali komandanı, general Aleksus Qrinkeviç bəyan edib.

"Avropanın və Kanadanın imkanlarına inanıram. Biz bu gün hər cür böhrana və gözlənilməz vəziyyətə hazırıq”, – deyə o bildirib.

Qrinkeviç vurğulayıb ki, Ukrayna üzrə sülh danışıqları ilə bağlı siyasi gərginlik "NATO baxımından missiyamızı yerinə yetirmək qabiliyyətinə heç bir təsir göstərməyib”. O əlavə edib ki, müttəfiqlərin müdafiə xərclərini artırmaq barədə öhdəlikləri NATO-nun "sabah daha hazırlıqlı, birigün isə daha da hazırlıqlı” olacağını, Rusiyaya qarşı durmağa və mümkün əlavə qoşun çıxarılmasına cavab verməyə imkan verəcəyini göstərir.

Qrinkeviçin açıqlamaları prezident Donald Trampın gözlənilən müdafiə strategiyası nəticəsində ABŞ qoşunlarının Avropadan çıxarılacağı ilə bağlı narahatlıqlar fonunda səslənib. Gözlənilir ki, hərbi strategiyanın nəzərdən keçirilməsi ABŞ qüvvələrinin Avropadan Hind-Sakit okean regionuna yenidən yerləşdirilməsini nəzərdə tutacaq.

Avropadakı amerikalı hərbçilərin sayının azalması ilə bağlı narahatlıqlar Vaşinqtonun Tramp dövründə alyansa sadiqliyi barədə daha geniş debatların da bir hissəsidir.

"Politico” yazır ki, bəzi Avropa müttəfiqləri özəl söhbətlərdə ABŞ-dakı vəziyyətdən narahat olsalar da, açıq şəkildə NATO-nun hələ də ciddi qüvvə olduğunu vurğulayırlar.

"NATO-nun bütün prosesləri qüsursuz işləyir, – Polşanın müdafiə nazirinin müavini Pavel Zalevski nəşrə bildirib. - Əslində amerikalılar öz öhdəliklərini çox yaxşı yerinə yetirirlər”.

Eyni zamanda Qrinkeviç Rusiyanın "yaxın perspektivdə”, eləcə də "orta və, əlbəttə ki, uzunmüddətli perspektivdə” NATO-nun kollektiv müdafiəsini yoxlamağa cəhd edə biləcəyindən "narahatlıq” ifadə edib.

"Biz həmçinin qabaqlayıcı addımlar barədə də düşünürük, – deyə o əlavə edib və əlavə təfərrüat verməkdən imtina edib. - Əgər Rusiya bizim üçün dilemmalar yaratmağa çalışırsa, bəlkə də elə yollar var ki, biz də onlar üçün dilemmalar yarada bilərik”.

Qeyd edək ki, bundan bir qədər əvvəl KİV-in yazdığına görə, ABŞ Şərqi Avropanın bir sıra ölkələrində — Rumıniya, Bolqarıstan, Macarıstan və Slovakiyada — hərbi kontingentlərini azaltmağı planlaşdırır.

Mənbələrin məlumatına görə, 27 oktyabrda NATO-nun rəsmi kanalları vasitəsilə Rumıniyadan təxminən 800 hərbçinin çıxarılması barədə qərar elan olunub. Bu qərar Ağ Ev tərəfindən qəbul edilib və artıq qüvvəyə minib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->