Xəbər lenti

ABŞ bu şərtlə Ukraynaya NATO-nun 5-ci maddəsi əsasında zəmanət təklif edir
Dünya 14:50 13.12.2025

ABŞ bu şərtlə Ukraynaya NATO-nun 5-ci maddəsi əsasında zəmanət təklif edir

Donald Trampın xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner bazar ertəsi Berlində Ukrayna prezidenti Volodimir Zelenski, eləcə də Almaniya, Fransa və Böyük Britaniya liderləri ilə görüşəcəklər. Məqsəd Ukraynada münaqişənin nizamlanması üzrə ABŞ-ın sülh planı ilə bağlı razılığa gəlməkdir. 

Qaynarinfo xəbər verir ki, "Axios”un Ağ Ev rəsmilərinə istinadla yazdığına görə, ABŞ ərazi güzəştləri müqabilində Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazırdır.

Əsas mübahisə nöqtəsi Vaşinqtonun Kiyevdən tələb etdiyi ərazi güzəştləridir. Bununla yanaşı, amerikalı tərəf hesab edir ki, digər bütün məsələlər həllə yaxındır və Zelenski, ehtimal ki, ərazi məsələlərinin çözümü üçün bir yol təklif edib.

"Ağ Evin nümayəndəsi qeyd edib ki, Zelenski cümə axşamı günü verdiyi açıq bəyanatlarında Ukraynanın ərazi güzəştlərini nəzərdə tutan sülh sazişi ilə bağlı referendum keçirə biləcəyini işarə edib. Rəsminin sözlərinə görə, ABŞ bunu irəliləyiş kimi qiymətləndirir”, – "Axios” yazır.

Ağ Ev nümayəndəsi həmçinin bildirib ki, bu müzakirələr və cümə axşamı baş tutan ABŞ–Ukrayna danışıqlarının son raundu Trampı Uitkoff və Kuşneri Avropaya göndərməyə inandıracaq qədər irəliləyiş göstərib.

"Onlar hesab edirlər ki, sülh üçün şans var və prezident onlara etibar edir”, – deyə Ağ Evin ikinci nümayəndəsi bildirib.

Məmurlardan birinin sözlərinə görə, Tramp administrasiyası Ukraynaya NATO-nun 5-ci maddəsi əsasında təhlükəsizlik zəmanətləri təqdim etməyə hazırdır. Bu zəmanətlər Konqres tərəfindən təsdiqlənəcək və hüquqi baxımdan məcburi qüvvəyə malik olacaq.

"Biz ukraynalılara elə təhlükəsizlik zəmanətləri vermək istəyirik ki, bir tərəfdən boş vədlər olmasın, digər tərəfdən isə kifayət qədər güclü olsun. Biz bunu səsvermə üçün Konqresə göndərməyə hazırıq”, – deyə amerikalı rəsmi bildirib.

Onun sözlərinə görə, üç ayrı saziş bağlanacaq: sülh sazişi, təhlükəsizlik zəmanətləri haqqında saziş və bərpa üzrə razılaşma. O vurğulayıb ki, son danışıqlar ukraynalılara ilk dəfə "gələcəyin tam mənzərəsini” təqdim edib.

Rəsmiyə görə, müharibədən sonrakı dövr üçün iqtisadi və bərpa tədbirləri paketinə dair danışıqlar da uğurla davam edir.

"İnsanlar yalnız nədən imtina edəcəklərini deyil, nə əldə edəcəklərini görəndə irəliləməyə daha çox meyilli olurlar… Hazırkı təklifə əsasən, müharibə Ukraynanın ərazisinin 80 faizi üzərində suverenliyini saxlaması, indiyədək əldə etdiyi ən böyük və ən güclü təhlükəsizlik zəmanətlərini alması və rifahın təmin olunması üçün çox ciddi bir paketlə başa çatacaq”.

Daha əvvəl Ukrayna prezidenti Volodimir Zelenski bildirmişdi ki, Ukrayna əraziləri ilə bağlı məsələlər, o cümlədən Donetsk vilayətinin bir hissəsində "azad iqtisadi zona”nın yaradılması barədə qərarı Ukrayna xalqı seçkilər və ya referendum yolu ilə verməlidir.

Eyni zamanda Kreml Ukraynada referendumun keçirilməsi məqsədilə atəşkəs ideyasını rədd edib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->