Çərşənbə axşamı, 9 dekabr 2025-ci il tarixində Rusiya Ukraynaya kütləvi raket zərbələrinin endirilməsi üçün əsas bazalardan biri sayılan "Ukrainka” aerodromundan beş ədəd Tu-95MS strateji bombardmançısını havaya qaldırıb. Lakin bu dəfə təyyarələr Ukrayna istiqamətinə deyil, Yaponiya adaları tərəfinə yönəldilər və X-101 qanadlı raketlərinin buraxılışını imitasiya ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə "AviVector” monitorinq qrupu məlumat yayıb.
Qrupun məlumatına görə, "şərti zərbə” mərhələsi başa çatdıqdan sonra rus bombardmançılarının bir hissəsi Çin H-6 təyyarələri ilə birgə patrul uçuşuna qoşulub – əvvəlcə Şərqi Çin dənizi üzərində, daha sonra isə Sakit okeanda.
"Defense Express” qeyd edir ki, ilk baxışdan Tu-95MS-lərin bu uçuşu yalnız Sakit okean regionuna aid lokal bir aksiya təsiri bağışlayır. Lakin analitiklərin diqqət çəkdiyi məqam budur ki, Rusiya strateji aviasiyasının bu şəkildə istifadəsi Ukraynaya qarşı müharibə ilə də dolayı əlaqəyə malikdir.
Rusiya artıq bir neçə ildir ki, Yaponiyaya qarşı hərbi təzyiq xəttini nümayiş etdirir. Xüsusilə:
• 2023-cü ilin martında Yaponiyanın baş nazirinin Ukraynaya səfəri fonunda Rusiya Tu-95MS-ləri havaya qaldırmışdı;
• 2024-cü ilin oktyabrında dörd rus bombardmançısı Yapon adalarına təhlükəli dərəcədə yaxınlaşmışdı;
• 2025-ci ilin avqustunda Rusiya təbliğatı X-101, "Kalibr”, "Kinjal” və "İsgəndər” raketlərindən istifadə etməklə Yaponiyanın müdafiə infrastrukturuna kütləvi zərbələr senarilərini açıq şəkildə müzakirə edirdi.
Son Tu-95MS uçuşu bu nümayişkaranə təzyiq xəttinin məntiqi davamı hesab olunur.
1 iyun 2025-ci ildə keçirilən "Tor” əməliyyatından sonra – həmin əməliyyat zamanı uzaqmənzilli bombardmançı donanmasının təxminən üçdə biri sıradan çıxarılmışdı – Rusiya strateji aviasiyası ciddi itkilər verib. Buna baxmayaraq, Moskva onu hərbi-siyasi şantaj aləti kimi istifadə etməyə davam edir.
Rusiya hərbi-sənaye kompleksi itirilmiş aviaparkı qısa müddətdə bərpa etmək iqtidarında deyil. Bu isə əvvəllər yaxın illərdə strateji aviasiya imkanlarının tədricən zəifləyəcəyi gözləntilərini doğurmuşdu. Lakin görünür, Kreml belə nümayiş xarakterli uçuşları məqsədəuyğun hesab edir.
UNİAN-ın yazdığına görə, bir neçə gün əvvəl Rusiya və Çin strateji bombardmançıları Yaponiya və Cənubi Koreya yaxınlığında birgə uçuş həyata keçiriblər. Tokio bunu Pekinlə son illərin ən ciddi diplomatik böhranı fonunda güc nümayişi kimi qiymətləndirir.
İki rus Tu-95 təyyarəsi Yaponiya dənizindən Tsusima boğazı vasitəsilə Şərqi Çin dənizinə keçib və orada iki Çin H-6 bombardmançısına qoşulub. Onların yanında həmçinin səkkiz Çin J-16 qırıcısı və bir rus A-50 erkən xəbərdarlıq təyyarəsi də olub.
Alpər
Şərhlər