Fosil yanacaqların davamlı yandırılması istiliyi Yer atmosferində, okeanlarda və quru səthdə saxlayır – onun yenidən kosmosa əks olunması əvəzinə. Bu isə planetdə sabit iqlimi qoruyan tarazlığın pozulmasına gətirib çıxarıb. Bu qənaətə yeni hesabatın müəllifləri gəlib.
Qaynarinfo xəbər verir ki, "The New York Times” bu barədə yazır.
"Yer tarazlığını itirib” – BMT-nin hesabatının əsas mesajı məhz budur. Hesabatda Günəş enerjisinin hansı hissəsinin planet tərəfindən udulduğu və hansı hissəsinin kosmosa geri əks olunduğu təhlil edilir.
Tədqiqatçılar müəyyən ediblər ki, udulan və əks olunan enerji arasındakı fərq 1960-cı ildən bəri aparılan ölçmələr tarixində ən yüksək səviyyəyə çatıb. Bu isə Günəşdən gələn istiliyin getdikcə daha çox hissəsinin Yer üzündə qalması deməkdir. Dünya Meteorologiya Təşkilatının "Qlobal iqlimin vəziyyəti” hesabatına görə, bu disbalans okeanların, atmosferin və planetin buzlu regionlarının isinməsinə səbəb olur.
Böyük Britaniyanın Milli Atmosfer Tədqiqatları Mərkəzinin alimi Aşkay Deoras vəziyyəti qapalı otağın isinməsi ilə müqayisə edib.
"Əgər pəncərəni açsaq, isti hava təbii olaraq çölə çıxır. Amma indi istixana qazları səbəbindən istilik sadəcə toplanır. Planetin soyumaq imkanı yoxdur”, deyə o izah edib.
BMT-nin əvvəlki hesabatlarında ayrı-ayrı göstəricilər – səth temperaturu, okeanların istiləşməsi, buzlaqların əriməsi və dəniz səviyyəsinin yüksəlməsi qeydə alınırdı. Bu il isə müəlliflər dəyişikliklərin qlobal miqyasına fokuslanıblar.
"Enerji disbalansı tam mənzərəni göstərir”, deyə hesabatın müəlliflərindən biri Karina fon Şukman (Mercator Ocean International) bildirib.
Sabit iqlim şəraitində Günəşdən gələn enerji ilə kosmosa əks olunan enerji təxminən bərabər olur. Lakin hazırda karbon qazı, metan və azot oksidi kimi istixana qazlarının emissiyaları ən azı son 800 min ildə ən yüksək səviyyəyə çatıb və bu tarazlığı pozub.
Son 11 il müşahidə tarixində ən isti illər olub. Ötən il qlobal orta temperatur sənayedən əvvəlki dövrə nisbətən 1,43°C artıb, 2024-cü il isə 1,55°C göstərici ilə ən isti il olub. Dünya okeanı atmosferdən karbon qazını udaraq isinməyə davam edir. Arktikada dəniz buzunun sahəsi rekord aşağı səviyyədə qalır, Antarktidada isə müşahidə tarixində üçüncü ən aşağı göstərici qeydə alınıb.
Yer tərəfindən saxlanılan enerji artıqlığı okeanlar, atmosfer və quru arasında paylanır. Alimlərin sözlərinə görə, bu, güclü fırtınalar, istilik dalğaları, quraqlıqlar və intensiv yağıntılar kimi ekstremal hava hadisələrinin tezliyini və gücünü artırır.
"Artıq istiliyin təxminən 91%-i okeanlarda toplanır, 5%-i quruda, 3%-i buzlaqlarda və cəmi 1%-i isə Yer səthinə yaxın atmosferdə qalır, bu isə insanların birbaşa hiss etdiyi temperaturu müəyyən edir”, deyə hesabatda qeyd olunur.
2025-ci ildə okeanlarda istilik səviyyəsi rekord həddə çatıb. Onların isinmə sürəti 1960–2005-ci illərlə müqayisədə iki dəfədən çox artıb. Tədqiqatçıları xüsusilə narahat edən məqam odur ki, istilik təkcə səthdə deyil, 2000 metrdən dərin qatlarda da toplanır və orada daha uzun müddət qalır.
"İstilik nə qədər çox atmosferdən təcrid olunursa, biz bir o qədər 400–1000 illik dönməz iqlim dəyişiklikləri mərhələsinə yaxınlaşırıq”, deyə Karina fon Şukman vurğulayıb.
Aydın
Şərhlər