Xəbər lenti

Afinogenov sindromu
Məmməd SÜLEYMANOV
Sənət 10:50 05.02.2025

Afinogenov sindromu

"Labirintdə lövhə vurulub: Yolu azmaq qadağandır!” (Stanislav Yeji Lets). 

Yol isə yoxdur. Yol zənn edib labirintə düşən hər kəs bunu bilməliydi...

***

Aleksandr Afinogenov dövrünün tez-tez və yüksək tirajla çap olunan yazıçılarındandı. 1930-cu illərin birinci yarısında pyesləri təkcə paytaxtın və böyük şəhərlərin yox, həm də əyalət teatrlarının repertuarından düşmürdü.

Afinogenov Rusiya proletar yazıçıları Assosiasiyasının (rusca - RAPP) rəhbərlərindən biriydi (Leopold Averbax və Vladimir Kirşonla bərabər). RAPP üçün əvvəlki ədəbiyyatı təftiş, ədəbiyyatın partiyalılığı, "cığırdaşlar”la və "qocalar”la barışmaz mübarizə, "ya müttəfiqsən, ya da düşmənsən” prinsipi xarakterikdi. Onların tənqid hədəfləri arasınd Maksim Qorki, Mayakovski, Bulqakov da vardı.

RAPP-da toplaşan gənclər müştəbehliyi, ifrat özünəinamları, yeganə "düzgün ədəbiyyat”ı təmsil etdiklərinə əminlikləri və böyük imtiyazlara can atmaqları ilə fərqlənirdilər. Məsələn, Mixail Bulqakov onlara həm həsəd aparır, həm nifrət bəsləyirdi. Həsəd - tirajlara və məşhurluqlarına, nifrət isə müştəbehlik və digərlərini öldürücü tənqidə tutmaqlarına görə idi. Bulqakov "May ayı idi” hekayəsində Polievkt Eduardoviç adı altında Afinogenovun obrazını yaradıb - o, xarici səfərdən yenicə qayıdıb, geyimi və maşını ilə öyünür, etiraza heç bir yer qoymayan qətiyyətli səs tonuyla fərqlənir.

Afinogenovun "Nifrət” pyesinin elmdən uzaq gənc qəhrəmanı qoca akademiklə insan təbiətinə dair mübahisə edir və təbii, qalib gəlir. Qoca akademikin prototipi isə məşhur fizioloq, nobeliat İvan Pavlov idi.

Bir sözlə, RAPP-da toplaşanlar "cığırdaşlar”la amansız mübarizəyə səsləyir, özlərini "əsl ədəbiyyat”ın carçıları sayır, kompromissiz mövqedə dayanırdılar. Üstəlik, Bodlerin sözləri ilə desək, "Tanrı kimi düşünüb, burjua kimi yaşayan” bu şəxslər komfortu və maddiyyatı çox sevirdilər. Bu çılpaq radikalizmlə meşşanlığın xəlitəsi onları bir gün gərəksiz etməliydi və edir də.

Vədə yetişir, RAPP nəinki lazımsızlaşır, həm də ümumi ədəbi prosesə mane olmağa başlayır. Hadisələr onunla nəticələnir ki, 1934-cü ildə SSRİ Yazıçılar İttifaqı yaradılır və RAPP ləğv olunur. Afinogenov da yeni təşkilatın rəhbərliyinə seçilir, ancaq 1936-cı ildə hadisələr tamam başqa yöndə inkişaf etməyə başlayır. Əvvəlcə NKVD-nin sədri Yaqoda (RAPP-a qəyyumluq etmiş şəxs), ardınca isə 1937-ci ilin aprelində Averbax (Yaqodanın qaynı) həbs olunur. Elə həmin ay Kirşon və Afinogenov partiyadan, mayda isə Yazıçılar İttifaqından xaric edilir, Afinogenovun özünüifşa nitqinə və yalvarışlarına məhəl qoyulmur.

Sonra Kirşonu da həbs edirlər - əsas ittiham "Yaqoda və Averbaxla əməkdaşlıq” olur. Tezliklə Averbax və Kirşon güllələnir. Böyük sarsıntı keçirən Afinogenov isə paytaxtı tərk edərək Peredelkinoya - yazıçıların qəsəbəsinə köçür və həbsini gözləməyə başlayır.

Afinogenov orada gündəlik yazır. Həmin gündəlik dövrünün ən maraqlı insan sənədlərindən biridir. Həbsə hazırlaşan Afinogenov özünün gələcək istintaqını, müstəntiqlə xəyali dialoqlarını təsvir edir. O, hələ azadlıqdadır, ancaq artıq zindanını qurub. Ekstemal vəziyyətin çarəsizliyi yazıçının ekzistensiyasını ortaya qoyur. Öz xəyali istintaqını beynində cızaraq mətnə çevirir. Və aylarla bu cür yaşayır.

Yazıçını ilk olaraq dəhşətə gətirən isə ədəbi dilin və Sözün gücsüzlüyüdür. O və yoldaşları yeni ədəbi dil yaratmaqları ilə fəxr edirdilər, bu apellyasiya tanımayan, qətiyyətli, ittihamlarla dolu, pafoslu və şüarçı ədəbi dili özlərinin ən böyük xidməti və gücü sayırdılar. Bu yeni üslub onları məşhurlaşdırmış və zirvəyə qaldırmışdı. Və paradoks - artıq müstəntiqlər də, prokurorlar da onların yaratdığı ədəbi dildə danışır. Məhkəmələrdə Vışinskinin danışıq tərzi eynilə Afinogenovun mətnlərini xatırladır. Bu reallığı dərk etmək ikiqat acı və qorxulu idi. Yazıçıların özününkü saydıqları silah müstəntiqlərin silahına çevrilib yaradıcılarını vururdu. Həbs olunanların bəraət çıxışlarının gücsüzlüyü həm də bu çaşqınlıqdan qaynaqlanırdı.
Afinogenov nə baş verdiyini anlamağa çalışır, ancaq cavab tapa bilmir. Əgər onun kimi əqidəli bolşeviki həbs edirlərsə, burada iki variantdan biridir - ya partiya və Yazıçılar İttifaqı düşmənlərin əlinə keçib, ya da həbslər hansısa böyük məqsəd üçün gərəklidir. Birinci variant nonsensdir, deməli, həbslərdə zərurət və fayda var. O, Averbaxın düşmən olduğuna inanmağa başlayır, Kirşonla dostluğuna görə özünü ittiham edir. Bir sözlə, qəbul edir ki, həbs olunanlar həqiqətən də "trotskiçi” və "buxarinçi”dirlər.

Bu, diqqətəlayiq məqamdır. İnsan dayaqlardan məhrum olub, koordinat sistemi yoxdur, total qeyri-müəyyənlik ən fantasmaqorik senarilərə yol açır. Əgər Afinogenov həqiqətən də mövcud quruluşun alovlu təbliğçisi yox, tənqidçisi olsaydı, onun üçün hər şey daha asan olardı. Məsələn, "İşçi platforması”nın rəhbəri Martemyan Ryutin həbsini iç sakitliyi ilə gözləmişdi, çünki Stalinin siyasətini səhv sayırdı və özünü haqlı bilirdi. Afinogenov isə divara sıxılmış siçovul kimi vurnuxur, xilas olmağa çalışır, başqalarından fərqli olaraq məhz özünün günahsızlığına əminliyi ona güc vermir, əksinə, tükədir. Afinogenov antistalinist deyil, daha çox 1930-cu illərin xunveybinidir. O, hakim siyasətin apologetidir, imançısıdır. Elə isə onu niyə həbs etmək istəyirlər?

Bu, o haldır ki, əgər fərqli düşüncə və fərqli mövqe insana fəlakət qarşısında soyuq ağıl və qətiyyət verirsə, o, məhbəsə də başını dik tutaraq yollanırsa, xidmətində (və tamamilə səmimi şəkildə) durduğu güc tərəfindən cəzalandırılmaq ehtimalı isə onu bütün dayaqlardan məhrum edərək sırf bioloji varlığa çevirir. Bu varlıq hətta məntiqini saxlayıb gündəlik yazsa belə. "Vaxtsızlıq illəri”ndə isə məntiq qətiyyən yardımçı deyil. Məsələn, yazıçı Vladimir Zazubrin də həbsdən xilas olmaq üçün Afinogenovla oxşar taktika seçir: kəndə köçərək inək, toyuq alır, ferma tikir, uçurumun kənarında skamya qoyub "Axşamlar Lev Tolstoy kimi oturub düşünəcəyəm” deyir. Yəni, yazıçılıqdan birdəfəlik uzaqlaşır. Ancaq tezliklə gəlib həbs edirlər, sonra da güllələnir.

Afinogenov gündəliyində yazır: "Zazubrin ağlımdan çıxmır. O, ömrünün sonunadək kənddə yaşamağı hesablayırdı, ancaq hər şey sındı, ölüm gəldi, yəqin kamerada onun üçün hər şey - toyuqlar da, hamam da mənasızdır. Gözlərini son dəfə yummazdan əvvəl bir daha əmin olacaq ki, hər şey necə lazımsızdı və qəlbində özü üçün heç nə qoruyub saxlaya bilmədi”.

 ***

Beləliklə, 1937-ci ilin sentyabrında yazıçı öz istintaqının protokulunu yazmağa başlayır. Başlanğıc bu cürdür:

" - Danışın.
- Nə?
- Bildiyiniz hər şeyi.
- Sizi tam anlamadım. "Bildiyim hər şeyi?”
- Bəli. Gəlin, əvvəlcədən vədləşək - oyun oynamaq lazım deyil. Biz hər şeyi bilirik...”

Və Afinogenov danışır. Özünü heç nədə günahkar bilmədiyindən, partiyadakı hələ ifşa olunmamış düşmənlər tərəfindən şərləndiyindən, Yaqodadan həmişə zəhləsi getdiyindən, bu cür yüksək vəzifəni tutan şəxsin xain olduğunu vaxtında ağlına gətirə bilmədiyindən, son aylarda çoxlu düşündüyündən, tamamilə dəyişdiyindən, əgər dövlətin ali maraqları tələb edirsə, əzab çəkməyə hazır olduğundan danışır. Yalnız protokolun sonuna çatanda anlayırsan ki, bu, reallıq deyil, xəyali sorğu-sualdır. Yəni, istintaq uydurmadır, ancaq eyni zamanda da real müstəntiq qarşısında əsl etirafa çevrilir.

Yazıçı gündəlik boyu özü ilə mübahisə edir, suallara cavab axtarır, müstəntiqi günahsız olduğuna hər üsulla inandırmağa çalışır, ancaq səbəblərlə bağlı əsas sual yenə də açıq qalır.

Bir dəfə isə o, günləliyində yuxusunu təsvir edir. Yuxuda NKVD-nin Moskva vilayəti üzrə rəisi Leonid Zakovskini görür. Afinogenov ona dayanmadan heç bir günahı olmadığını danışır, Zakovski gülür və zarafatla deyir: "Siz ziyalıların güclü poetik təxəyyülü var. Nahaq yerə yay boyu özünüzü qorxutmusuz. Mən sizə danışım...”

Və Afinogenov yuxudan ayılır, Zakovski cümləsini bitirə bilmir, beləliklə, baş verənlər barədə nüfuzlu rəy öyrənmək üçün daha bir imkan itirilir (Afinogenov yuxusunu 1937-ci ilin noyabrında yazır. 4 ay sonra Zakovski həbs olunur və daha 5 ay sonra güllələnir).
Afinogenovun sonsuz görünən əzablarına 1938-ci ilin yanvarında nöqtə qoyulur. Onu həbs etmirlər. Əksinə, əvvəlcə partiyaya, sonra da Yazıçılar İttifaqına üzvlüyə bərpa olunur.

Əzablarını vərəqlərə köçürdüyü uzun-uzadı aylar ərzində o, "Heç vaxt olmadığı qədər həyatı sevməyi və insanları qiymətləndirməyi öyrəndiyini” yazır. Ancaq yenidən aktiv həyata qayıdan Afinogenov yalnız öz həyatını sevməyi öyrənir, başqalarının həyatı isə onun üçün yenə də heç nədir. Yenə ittihamlar, başqalarına qarşı çıxışlar. Biz katarsisdən əvvəlki Afinogenovu görürük. Deməli, heç katarsis də yoxmuş. Bu da paradoksaldır - aylar boyu ekstremal vəziyyətdə qovrulan şəxs status-kvoya qayıdan kimi hər şeyi unudur.

Onun arzusu yenə "xalq düşmənləri”nə qarşı ən kəskin yazılar qələmə almaqdır. O, Yaqodanın məhkəməsi barədə yazır: "Qışqırmaq, bütün ölkəni qəzəb və hiddətə səsləmək lazımdır!  İndiyədək bu cür əclaflıq olmayıb. Xainlər və casuslar barədə adi sözlər yazırlar. Bu sözlər indi məhkəməsi gedənlərin əməllərini ifadə etməkdə yetərsizdir! Onların beynini və bədənini yandıracaq xüsusi lənətlər axtarıb tapmaq lazımdır!..”

Göründüyü kimi, yazıçı yenə də yeni ədəbi dil axtarışındadır. Əvvəlkini müstəntiq və prokurorlar mənimsəyiblər.

***

Afinogenovun ömrü gözlənilməz sonluqla bitir. 1941-ci ilin oktyabrında onu amerikalı həyat yoldaşı ilə birlikdə ABŞ-a səfərə göndərmək qərara alınır. O, ABŞ-da İkinci cəbhənin açılması məsələsini təbliğ etməliydi.

Oktyabrın 29-da xarici pasportunu götürmək üçün Moskva partiya komitəsinin binasına daxil olur. Həmin vaxt bombardman başlayır. Binaya düşən bombanın qəlpələri Afinogenovun ömrünü yarıda qoyur. Başqa ölən və ya yaralanan olmur.

Ölüm qorxduğu yerdən gəlmir və onu bəxtəvər vaxtında haqlayır...

Məmməd Süleymanov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->