Geniş yayılmış ev əşyalarında istifadə edilən və təbiətdə min illərlə parçalanmadan qala bilən PFAS adlı kimyəvi maddələr insan sağlamlığı üçün ciddi təhlükə yaradır. Amma indi Avstraliyalı tədqiqatçılar bu maddələri parçalaya bilən yeni bir üsul işləyib hazırlayıblar.
Qaynarinfo-nun məlumatına görə, alimlər təbiətdə məhv olması demək olar ki, mümkün olmayan zərərli əbədi kimyəvi maddələri günəş işığı ilə aktivləşən bir maddəyə məruz qoyaraq parçalamaq üçün yeni bir üsul işləyib hazırlayıblar.
Perfloroalkil və polifloroalkil maddələr (PFAS) bişirmə qabları, kosmetika məhsulları, diş ipi və sukeçirməz geyimlər də daxil olmaqla bir çox məişət məhsulunda tapılan kimyəvi maddələrdir. Onlar eyni zamanda insan sağlamlığı üçün də zərərlidir. Lakin buna baxmayaraq, onların yemək qablarında, içki qutularında və dəriyə toxunan geyimlərdə istifadəsinə davam edilir.
Digər tərəfdən, bu kimyəvi maddələrin parçalanması min illər çəkir və bu da onların ətraf mühitdə və bədənimizdə toplanmasına səbəb olur.
PFAS-lar 1940-cı illərdən bəri istifadə olunur. Əvvəlcə yapışmaz xassələrinə görə qiymətli idilər, amma indi onlar otoimmün xəstəlik riskinin artması, inkişaf pozuntuları, məhsuldarlığın azalması və insanlarda xərçəng kimi bir sıra sağlamlıq problemləri ilə əlaqələndirilirlər.
Bu vəziyyət bəzi PFAS növlərinin qadağan edilməsinə səbəb olub. Lakin təxminən 15,000 növü istehsal edildiyi üçün dünya əhalisinin demək olar ki, hamısı bu zəhərli maddələrə məruz qalmaq məcburiyyətindədir. Əlbəttə, Amazonda dünyadan təcrid olunmuş bir qəbilədə yaşayırsınızsa, təhlükəsiz ola bilərsiniz.
Avstraliyadakı Adelaide Universitetinin alimləri isə PFAS-ın parçalanması üçün karbon və flüor arasındakı rabitəni pozan yeni bir üsul işləyib hazırlayıblar.
Tədqiqatçılar materialı PFOS (perflorooktan sulfonat) adlanan geniş yayılmış bir PFAS ilə qarışdırdıqdan sonra, fotokatalizatorun rabitədəki flüor atomlarına hücum edən sərbəst radikallar yaratmaq üçün işığı necə udduğunu müşahidə etdilər. Beləliklə, günəş işığı altında bu zərərli maddəni məhv etmək mümkün olur.
Optimallaşdırılmış şərait altında bu, PFOS molekullarının təxminən 99%-nin "tamamilə parçalanmasına" gətirib çıxarır. Alimlər indi xüsusilə suda toplanan bu zəhərli maddəni məhv etmək üçün bu üsulun tətbiq oluna bilən bir formasını işləyib hazırlamağa çalışırlar.
Aydın
Şərhlər