Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri "OBA” marketlər şəbəkəsinin Məhəmmədidə yerləşən anbarında ekskursiyada olublar. Sözügedən ekskursiya tələbələrə logistika sahəsində praktiki biliklər əldə etmək və anbarın fəaliyyətini yaxından öyrənmək imkanı yaradıb.
Səfər zamanı "OBA” marketlər şəbəkəsinin Logistika direktoru Namiq Hüseynov və Proses təkmilləşdirmə müdiri Turqay Abdullayev tələbələrə anbarın ümumi strukturu və fəaliyyəti haqqında məlumatlar veriblər. Burada tələbələr məhsulların qəbul edilməsi, anbarlama, çeşidləmə və nəqliyyat prosesləri ilə tanış olublar.
Tələbələrə məhsulların təhlükəsiz şəkildə saxlanması və təchizatın səmərəli təşkil edilməsi üzrə metodlar haqqında ətraflı izahlar verilib. Onlara anbarın idarəedilməsi, əməliyyatların optimallaşdırılması və resursların düzgün paylanması barədə mühüm məlumatlar təqdim edilib. Ekskursiyanın sonunda tələbələr belə böyük anbarların fəaliyyətində əhəmiyyətli rol oynayan texnologiyaların istifadəsi barədə də məlumat əldə ediblər.
Qeyd edək ki, "OBA” marketlər şəbəkəsinin Məhəmmədi anbarı mal və məhsulların müxtəlif marketlərə təhvil verilməsi üçün vacib bir loqistika mərkəzidir. Bu səfər tələbələrə logistika və təchizat zənciri sahəsindəki nəzəri biliklərini əyani təcrübə ilə birləşdirmək, real iş mühitində baş verən prosesləri daha yaxından görmək imkanı yaradıb.
Şərhlər