Xəbər lenti

Dünya 17:35 09.10.2025

"Tezliklə Fələstin dövləti yaranacaq" - Ekspert

"Vəziyyət artıq Fələstin dövlətinin yaranmasına doğru gedir".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Mehman Əliyev İsraillə HƏMAS arasında əldə edilən atəşkəs razılaşmasını şərh edərkən deyib.

Şərhçi hesab edir ki, regionda vacib proseslər gedir və başlanan proses qısa müddətli deyil, uzunmüddətli olacaq:

"HƏMAS ya müharibəni davam etdirməli, ya da kompromislərə getməlidir. Bu əsasda da şərtləri qəbul edib, təksilah olunmalı, siyasi səhnədən çıxmalıdırlar. HƏMAS bu vaxta qədər aldığı xarici dəstəkdən demək olar tam məhrum olub. Onlara əsas dəstək verən İran da bunu dayandırıb".
 


Ekspert qeyd edir ki, mövcud vəziyyətdə HƏMAS-ın sülhə gəlməkdən başqa çıxış yolu yoxdur:

"Əks halda, onları tamamilə darmadağın ediləcəklər. Vəziyyət artıq tamamlanmağa və Fələstin dövlətinin yaranmasına doğru gedir. "İbrahim sazişləri" də genişlənəcək, Azərbaycan da ona qoşulacaq. Hər halda regionda müsbət proseslərin gedəcəyi birmənalıdır".

Qeyd edək ki, bu gün səhər saatlarında Qəzza zolağı ilə bağlı İsraillə HƏMAS arasında sülh planının birinci mərhələsi üzrə atəşkəs razılaşması əldə olunub. Razılaşmaya əsasən, təxminən iki min fələstinli məhbusun azadlığa buraxılması müqabilində israilli girovlar azad ediləcək. 

HƏMAS da atəşkəs razılaşmasını təsdiqləyib. Hərəkat yaydığı bəyanatda ABŞ prezidenti Donald Trampı və razılaşmaya zəmanət verən ölkələrə - Misir, Qətər və Türkiyəyə təşəkkür edib, İsraili öhdəliklərinə əməl etməyə çağırıb. Qruplaşma eyni zamanda, bəyan edib ki, Fələstin xalqının müstəqillik və öz müqəddəratını təyinetmə hüququndan heç vaxt imtina etməyəcək. 

"Biz fələstinlilərin fundamental hüquqlarını qorumaqda davam edəcəyik. Bu razılaşma bölgədə sabitliyə və sülhə doğru mühüm addımdır", deyə təşkilatın açıqlamasında vurğulanır. 

Xatırladaq ki, bu sülh planı ABŞ prezidenti Donald Tramp tərəfindən irəli sürülüb. Planda girovların azad edilməsi, İsrail həbsxanalarındakı çoxsaylı fələstinlinin buraxılması, İsrail ordusunun mərhələli şəkildə Qəzza zolağından çıxarılması, ərazinin idarə edilməsi və digər məqamlar öz əksini tapıb. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->