Ukrayna müharibəni Rusiya ərazisinə daşıyır. Bu kampaniyanın miqyası, həcmi və intensivliyi indiyə qədərkindən daha böyükdür və bu, adi rusiyalılar üçün də nəticələr doğura bilər — bəlkə də döyüş meydanında yox, amma onların düşüncəsində və cibində.
Qaynarinfo xəbər verir ki, bu barədə "Foreign Policy” öz analitik məqaləsində
yazır.
Müəllif qeyd edir ki, avqust ayından etibarən Ukrayna Rusiyanın neft obyektlərinə ikiqat güclə hücum etməyə başlayıb. Rusiyada indi çörək növbələri yerini benzin növbələrinə verib.
Rusiyanın neft emalı kompleksi Moskva üçün müharibə maliyyəsinin əsas mənbəyidir. Ekspertlər bildirirlər ki, Ukrayna hələlik Rusiyanın neft obyektlərinin yarısını sıradan çıxarmayıb və 38% neft emalı gücünü məhv etməyib. Bu rəqəm olduqca şişirdilmiş sayılır. Rusiyanın enerji şirkətlərindən birinin keçmiş yüksəkvəzifəli meneceri, hazırda Karnegi Mərkəzinin "Rusiya–Avrasiya” şöbəsində aparıcı elmi əməkdaş olan Sergey Vakulenko belə göstəriciləri "cəfəngiyat” adlandırıb, – deyə nəşr əlavə edir.
Həqiqət isə ondadır ki, Ukrayna Rusiyanın dərinliyində, 2000 kilometrədək məsafədə yerləşən hədəflərə zərbələr endirməyi bacarıb. Lakin daha vacib sual ondan ibarətdir ki, Ukrayna qüvvələri əslində nəyə nail olmağa çalışır?
Son vaxtlar Rusiya daha çox Ukraynanın qaz infrastrukturuna hücumları gücləndirib, halbuki əvvəllər əsasən elektrik stansiyalarını hədəf alırdı. Buna görə də cavab zərbələri məntiqli addım sayılır. Amma belə addımların məqsədi nədir?
Vakulenko hesab edir ki, söhbət "əhalini ağrıya salmaqdan”, Rusiya iqtisadiyyatına zərbə vurmaqdan və ordunun yanacaq təminatını çətinləşdirməklə Rusiya ordusuna mane olmaqdan gedir. Lakin onun fikrincə, üçüncü məqsədə çatmaq mümkün olmayacaq.
"Rusiya iqtisadiyyatına gəldikdə isə, Ukraynanın zərbələri bir vəzifəni çox yaxşı yerinə yetirir – Rusiyanın xam nefti daha yüksək dəyərli neft məhsullarına çevirmək imkanlarını məhdudlaşdırır. Bu isə o deməkdir ki, Rusiya sadəcə xam nefti ixrac edir. Bu, daha az gəlir gətirir, liman imkanlarını tükəndirir, amma Rusiya yenə də dünya bazarlarına çıxır – xüsusilə də onun kölgə tanker donanması tam gücü ilə işlədiyi üçün”, – məqalədə belə izah edilir.
Harvard Universitetinin Rusiya energetikası üzrə eksperti Kreyq Kennedinin sözlərinə görə, 2025-ci ilin iyul ayına qədərki 12 ay ərzində Rusiyanın neft emalı zavodlarının ödənilməmiş kreditləri demək olar ki, 14 milyard dollara çatıb. Ekspert bu qəfil artımı zavodlar üçün yeni avadanlıqları təcili şəkildə Çindən almaq zərurəti ilə izah edir.
Ukraynanın Rusiya neft emalı zavodlarına qarşı hücumları Putinin rejimini kapitulyasiyaya məcbur etmək baxımından tam uğur qazanmayıb. Lakin söhbət benzin və aviasiya yanacağı kimi neft məhsullarından gedəndə, bu hücumların müəyyən əhəmiyyəti var, – müəllif yazır.
"1940-cı ildə Britaniya uğrunda döyüş zamanı "Spitfire” qırıcı təyyarələrinin pilotlarının gizli silahı var idi: Amerika istehsalı yüksək oktanlı aviasiya yanacağı. Bu, neft emalı texnologiyasında yox, kimyada bir irəliləyiş idi, amma ölkələr müharibə vəziyyətində olanda xırda detallar çox şey deməkdir. Ukrayna da tədricən bu üstünlükləri azaldır”, – deyilir məqalədə.
Vakulenko bildirir ki, Ukrayna hələ hədəfinə çatmayıb, lakin hücumlar artıq kiçik narahatlıqdan ciddi problemə çevrilib.
"Ondan sonrakı addım budur ki, Ukrayna bu səviyyəni qoruyub saxlaya biləcəkmi, yoxsa Rusiya hər yerdə effektiv hava hücumundan müdafiə sistemi yerləşdirə biləcəkmi”, – deyə o əlavə edib.
Alpər
Şərhlər