Xəbər lenti

Maqazin 19:51 10.10.2025

"Mənə pul lazım idi": Coli Pittlə münasibətləri barədə yeni təfərrüatlar açıqladı

Məşhur amerikalı aktrisa Ancelina Coli Bred Pittlə boşanma prosesini necə keçirdiyini səmimi şəkildə danışıb.

Qaynarinfo xəbər verir ki, "Page Six" nəşrinin məlumatına görə, aktrisa son günlərdə "Şato Miraval" adlı ortaq əmlakın bölünməsi ilə bağlı məhkəmə işində yeni sənədlər təqdim edib. Coli bildirib ki, Pittlə münasibətlərin bitməsi onun həyatında çox çətin bir dövr olub.

"Keçmiş həyat yoldaşımla boşanmağa qərar verməyimə səbəb olan hadisələr mənim və uşaqlarımız üçün emosional baxımdan çox ağır idi. Boşanma ərizəsi verdikdən sonra Los-Ancelesdə və Miravalda yerləşən ailə evlərimizdəki tam nəzarəti (və yaşayışı) ona heç bir kompensasiya istəmədən buraxdım. Ümid edirdim ki, bu addım ağır və travmatik dövrdən sonra münasibətlərimizi sakitləşdirər", deyə "Turi̇st" filminin ulduzu qeyd edib.

Aktrisa əlavə edib ki, boşandıqdan sonra demək olar ki, həyatına sıfırdan başlamağa məcbur olub:

"Boşandıqdan dərhal sonra özüm və uşaqlarımız üçün yeni ev axtarmağa başladım. Əvvəlcə kirayə evdə yaşadım, eyni zamanda daha sabit bir məskən tapmağa çalışırdım. Breddən nə aliment, nə də maliyyə dəstəyi istəmədim, buna görə də mənə "şato"dan vəsait lazım idi. Dərhal ev ala bilmədiyim üçün Brad mənə faizlə borc verməyə razılaşdı".

Coli həmçinin uşaqlarının emosional vəziyyətindən danışaraq qeyd edib ki, onların rifahına diqqət yönəltmək üçün müəyyən müddət işdən uzaqlaşıb:

"Mən uşaqlarımızın sağlamlığına çox narahat idim, buna görə təxminən iki il işdən imtina edərək bütün diqqətimi onlara və onların bərpasına yönəltdim".

Qeyd edək ki, Andjelina Coli və Bred Pitt dünya şöhrətli cütlüklərdən biri olub. Onlar beş il birlikdə yaşayıb və boşandıqdan sonra uzun müddət övladlarının qəyyumluğu və əmlak bölgüsü ilə bağlı qalmaqallı məhkəmə prosesləri keçiblər. Keçmiş cütlüyün altı övladı var: əkizlər Vivyen və Noks, qızları Şaylo və Zaxara, oğlanları Paks və Meddoks.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->