Xəbər lenti

Ukrayna-Rusiya danışıqları: Növbəti görüş bu həftə baş tuta bilər
Dünya 11:30 21.07.2025

Ukrayna-Rusiya danışıqları: Növbəti görüş bu həftə baş tuta bilər

Bu həftə İstanbulda Rusiya ilə Ukrayna arasında sülh danışıqları planlaşdırılır. 

Qaynarinfo xəbər verir ki, Türkiyənin "Independent Türkçe” nəşrinin yazdığına görə, ilkin olaraq nümayəndə heyətləri çərşənbə və ya cümə axşamı – 23 və ya 24 iyulda görüşməyi planlaşdırırlar.

Danışıqların yeri, vaxtı və iştirakçıları dəqiq açıqlanmasa da, məlumdur ki, tərəflər texniki məsələləri – əsirlərin mübadiləsi, humanitar yardım, infrastrukturun təhlükəsizliyi və sərhədlərin sabitləşdirilməsi tədbirlərini müzakirə edəcəklər.

2022-ci ilin fevralında genişmiqyaslı müharibə başlayandan bəri Türkiyə bir neçə dəfə Rusiya və Ukrayna arasında vasitəçi kimi çıxış edib. Ekspertlərin fikrincə, danışıqların bu yeni raundu münaqişənin deeskalasiyası istiqamətində növbəti addım ola bilər. 
Hazırda görüşə fəal hazırlıq gedir: məkanlar müəyyənləşdirilir, logistika təşkil olunur və təhlükəsizlik tədbirləri həyata keçirilir. Tədbir qapalı formatda baş tutacaq – nəticələr rəsmi kanallar vasitəsilə açıqlanacaq.

Xatırladaq ki, 16 mayda Ukrayna və Rusiya İstanbulda nümayəndə heyətləri səviyyəsində görüş keçirmişdi. Bu görüşün sülh danışıqlarının əsaslı mərhələsinin başlanğıcı olacağı gözlənilirdi, lakin Rusiya tərəfi sadəcə əvvəlki kapitulyasiya tələblərini təkrarlayaraq sonsuz müharibə ilə hədələmişdi.

2 iyunda isə ikinci raund baş tutdu. Həmin görüşdə tərəflərin cəbhədə atəşkəs rejiminə keçidlə bağlı konkret təkliflər irəli sürəcəyi gözlənilirdi. Lakin bu dəfə də Rusiya tərəfi dörd Ukrayna vilayətinin Rusiyaya verilməsi kimi qəbuledilməz tələbləri yalnız danışıqların başlanması şərti kimi irəli sürdü.

Bir neçə gün əvvəl prezident Zelenski bildirib ki, Ukrayna Rusiya tərəfinə nümayəndə heyətləri səviyyəsində bu həftə yeni görüş keçirməyi təklif edib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->