İsveç turistlər üçün yalnız istirahət və rahatlıq deyil, həm də sağlam yuxu vəd edən Avropa ölkələrindən biri kimi tanınır. Araşdırmalara əsasən, bu ölkə xüsusilə yuxu problemi yaşayan insanlar üçün ideal bir məkan hesab edilir.
Təbiət və sakitlik yuxunu gücləndirir
Qaynarinfo "Express"ə istinadən xəbər verir ki, İsveçin "VisitSweden" turizm platforması ölkənin "unikal təbii mühiti" sayəsində yuxunu bərpa etmək və rəqəmsal detoks üçün mükəmməl şərait yaratdığını bildirir.
Payız və qış aylarında təbii qaranlıq, sərin iqlim, təmiz hava və ümumi sakitlik burada keyfiyyətli yuxu üçün əlverişli mühit yaradır.
Uppsala Universitetinin yuxu üzrə tədqiqatçısı Kristian Benedikt İsveçi yuxu turizmi üçün ideal bir istiqamət kimi qiymətləndirərək deyib:
"Geniş təbiət əraziləri, sakit vəhşi təbiət, qaranlıq gecələr, sərin hava və rahatlığa verilən mədəni önəm İsveçi yuxu turizmi üçün mükəmməl bir məkan edir. Tədqiqatlar sübut edir ki, texnologiya və onun həyatımıza təsiri yuxuya ciddi təsir göstərir. Ancaq təbiətdə daha çox vaxt keçirmək psixi sağlamlığı yaxşılaşdırır və yuxusuz gecələrin sayını azaldır".
Rəqəmsallaşmış ölkədə yuxu sağlamlığına diqqət
"Scandic Hotels Group"un nümayəndəsi Tereza Sederkroyts isə bildirib ki, İsveç Avropanın ən rəqəmsallaşmış ölkələrindən biri olduğuna görə, burada yuxu sağlamlığına xüsusi diqqət ayrılır:
"Bizim yuxuya olan marağımız, xüsusilə də onun çatışmazlığı, sağlamlığımıza təsirini anlamaqla bağlıdır. Buna qarşı tədbirlər görmək məqsədilə xüsusi işlər həyata keçiririk. Qonaqlar üçün işıqsız otaqlar, rahat yuxu üçün musiqi siyahıları və mobil telefonların qadağan edildiyi rahatlaşdırıcı zonalar yaradılmışdır. Əgər müştərilərimiz yaxşı yatmırlarsa, bu, həm onların sağlamlığına, həm də biznesimizə mənfi təsir göstərir".
Digər ölkələrdə də yuxu turizmi inkişaf edir
İsveç tək yuxu turizmi mərkəzi deyil. Məsələn, Londondakı "Cadogan" otelində qonaqlar üçün xüsusi yuxu meditasiyası proqramı hazırlanıb.
İsveçrənin Cenevrə şəhərində yerləşən "Mandarin Oriental" oteli isə fərdi yuxu analizləri apararaq, qonaqlar üçün uyğunlaşdırılmış yuxu proqramları təklif edir.
Tailandda isə "Civa-Som Hua Hin" otelində xüsusi mütəxəssis yuxuya təsir edən amillərlə bağlı - qidalanmadan tutmuş hormon balansına qədər məsləhətlər verir.
Aydın
Şərhlər