Xəbər lenti

Kosmik anomaliya: Əks istiqamətdə hərəkət edən planet tapıldı
Dünya 17:07 03.08.2025

Kosmik anomaliya: Əks istiqamətdə hərəkət edən planet tapıldı

Alimlər planetar sistemlərin anlaşılmasında mühüm irəliləyiş əldə edərək, "Nu Oktantis” adlı ulduz sistemində öz ulduzlarının fırlanma istiqamətinin əksinə hərəkət edən unikal planet kəşf ediblər. Bu kəşf, planetlərin yaranması ilə bağlı klassik nəzəriyyələrə ciddi şəkildə meydan oxuyur və astronomiya dərsliklərini yenidən yazmağa səbəb ola bilər.

Qaynarinfo xəbər verir ki, "Nature” jurnalında dərc olunan araşdırma, bu planetin retroradial orbitdə – yəni sistemin "axınına qarşı" hərəkət etdiyini təsdiqləyib. Kəşf Avropa Cənub Rəsədxanasının HARPS spektroqrafı ilə aparılan dəqiq müşahidələr sayəsində mümkün olub. Tədqiqata Honqkonq Universitetindən professor Man Hoy Li rəhbərlik edib.

"Nu Oktantis” sistemi iki ulduzdan ibarətdir: Günəşdən daha kütləvi olan "Nu Okt A” subqiqantı və hal-hazırda ağ cırtdan olan "Nu Okt B”. Ulduz cütlüyünün orbit dövrü 1050 gündür. Məhz bu 2,9 milyard illik sistemdə alimlər ulduzların fırlanma istiqamətinə zidd hərəkət edən planetin mövcudluğunu təsdiqləyiblər.

Tədqiqatın həmmüəllifi Xo Van Çenin sözlərinə görə: "Biz planetin orbitinin təkcə retroradial olmadığını, həm də ulduzların fırlanma müstəvisi ilə demək olar ki, eyni düzülüşdə olduğunu müəyyən etdik ki, bu da son dərəcə nadir hadisədir".

Retroradial orbit fenomeni astronomlar arasında təəccüb doğurur, çünki əksər planetlər ulduzlarla eyni istiqamətdə, eyni qaz və toz buludundan yaranır. "Nu Oktantis” halında alimlər ehtimal edir ki, planet "Nu Okt B” ulduzu ağ cırtdana çevriləndə atılan materialdan yaranmış ola bilər. Digər bir versiyaya görə isə bu planet əvvəlcədən mövcud olub və sonradan sistem tərəfindən "tutularaq” əks orbitə yönləndirilib.

Tədqiqatın həmmüəllifi, doktor Trifon Trifonov bunu "ikinci nəsil planet” nümunəsi kimi qiymətləndirir. Belə ki, bu tip planetlər sistemin ilkin yaranması zamanı deyil, ulduzların təkamülü nəticəsində daha sonra formalaşa bilər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->