Xəbər lenti

Tramp Ukraynaya “Patriot” tədarükü barədə sərt bəyanat verdi
Dünya 09:44 14.07.2025

Tramp Ukraynaya “Patriot” tədarükü barədə sərt bəyanat verdi

ABŞ prezidenti Donald Tramp bazar günü bəyan edib ki, Ukraynaya "Patriot” zenit-raket kompleksləri üçün raketlər göndərəcək, çünki bu silahlar ölkənin müdafiəsi üçün vacibdir.

Qaynarinfo bu barədə "Reuters”ə istinadla xəbər verir. 

"Hələ ki, say barədə razılaşmamışıq, lakin onlar müəyyən sayda alacaqlar, çünki onların müdafiəyə ehtiyacı var. Amma bunun pulunu Avropa İttifaqı ödəyəcək. Biz heç nə ödəmirik. Lakin göndərəcəyik – bu bizim üçün bir biznes olacaq. Onlara "Patriot” göndərəcəyik, çünki onların buna təcili ehtiyacı var”, – deyə Tramp ABŞ-ın Ukraynaya əlavə raketlər verib-verməyəcəyi ilə bağlı suala cavab verərkən bildirib.

"Reuters”in yazdığına görə, Tramp çıxışında Rusiya lideri Vladimir Putinin fəaliyyətindən narazılığını da bildirib:

"Biz onlara "Patriot” göndərəcəyik, çünki onların buna çarəsizcəsinə ehtiyacı var. Putin bir çoxlarını həqiqətən təəccübləndirdi. O, gözəl danışır, amma axşamlar hər kəsi bombalayır. Bu isə bir balaca problemdir. Mənə xoş gəlmir bu”, – deyə o qeyd edib.

Tramp həmçinin bildirib ki, ABŞ Ukraynaya müxtəlif yüksəktexnologiyalı hərbi texnika nümunələri tədarük etməyi planlaşdırır.

"Onlar bunun üçün bizə 100% pul ödəyəcəklər və biz də bunu istəyirik”, – deyə Tramp vurğulayıb.

O əlavə edib ki, Avropa İttifaqı ABŞ-a bu tədarüklərin dəyərini ödəyəcək. Tramp bu həftə NATO baş katibi Mark Rütte ilə görüşərək Ukrayna və digər məsələləri müzakirə etməyi planlaşdırır.

Qeyd edək ki, bəzi Qərb KİV-ləri, o cümlədən WSJ və "Bloomberg” Trampın əslində raketləri deyil, "Patriot” sistemlərinin özünü nəzərdə tutduğunu yazıb.

Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio bəyan etmişdi ki, Avropa ölkələri Ukrayna ilə öz "Patriot” batareyalarını bölüşməlidirlər. Onun sözlərinə görə, bu kompleksləri Ukraynaya xüsusilə İspaniya və Almaniya ötürə bilər.

Ukrayna prezidenti Volodimir Zelenski isə bəyan etmişdi ki, ABŞ prezidenti Donald Tramp ilə "Patriot” zenit-raket sistemlərinin alınması üzrə müsbət dialoq var. O, artıq 10 belə kompleks və onlara raketlərin alınması barədə sorğunun təqdim edildiyini bildirmişdi.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->