ABŞ prezidenti Donald Tramp Rusiyaya Ukraynada atəşkəsə razılaşmaq üçün 10–12 gün vaxt verdiyi ultimatumdan artıq 42 gün keçib. Həmçinin o, vəzifəyə başlayandan (229 gün əvvəl) bəri müharibəni 24 saata bitirə biləcəyini iddia edirdi.
Qaynarinfo xəbər verir ki, bu barədə Bloomberg şərhçisi Mark Çempion yazır.
O bildirib ki, lakin hazırda vəziyyət tam əksinə dəyişib — Rusiya işğalı daha da şiddətlənib, sülh isə görünmür.
"Pekində Putin sanki Trampı məsxərəyə qoyaraq Tayvana və onun müdafiəçisi ABŞ-a qarşı yönəlmiş Çin silahlarının hərbi paradına heyranlıqla baxırdı. Bundan əlavə, o, Şimali Koreya lideri Kim Çen Inı zirehli Aurus Senat limuzinində gəzintiyə dəvət etdi. Bu, bir neçə həftə əvvəl Alyaskada Trampın ona eyni jestlə 10 tonluq prezident "Cadillac Beast”də şərəf verməsini xatırladırdı”, – deyə müəllif qeyd edib.
Trampın bu davranışdan qəzəbləndiyi ehtimal olunur. Amma Putin daha da irəli gedərək həftəsonu Ukraynaya 800-dən çox dron və raket buraxıb və ilk dəfə Kiyevdə Nazirlər Kabinetinə zərbə endirib.
"Tramp vəzifəyə başladığı gündən bəri Putinə Ukraynada istədiyi demək olar ki, hər şeyi verdi. Ona yaltaqlıq etdi, ölkəsini Rusiyanın əsassız işğalında günahlandırdı, Kiyevə hərbi yardımı dayandırdı və hətta — bilərəkdən və ya bilməyərəkdən — kritik anda ABŞ kəşfiyyat məlumatlarını kəsməklə Rusiyanın itirilmiş əraziləri geri almasına yardım etdi”, – deyə Çempion xatırladıb.
Hazırda Tramp yenidən gözləmə mövqeyi tutaraq Putinin nə istədiyini görmək lazım olduğunu deyir. Bu zaman Ukrayna prezidenti Vladimir Zelenski xəbərdarlıq edib ki, Rusiya Donetsk vilayətində yerləşən Pokrovsk şəhərinə yeni hücum üçün 100 minlik qoşun toplayıb.
"Məsələ yalnız fəaliyyətsizliyə bəraət qazandırmaqdırsa, onda Trampın Moskvaya qarşı "əlcəkli” davranışını necə izah etməli? Ən məntiqli izah (qəsd nəzəriyyələrini kənara qoysaq) budur ki, o, sadəcə özünü dalana dirəyib”, – müəllif yazır.
Çempionun fikrincə, Tramp müəyyən qədər bunun fərqindədir. Məhz buna görə ABŞ prezidenti Hindistana qarşı rüsumları artıraraq bunu ölkənin Rusiya neftini alması ilə əsaslandırıb.
Tramp həmçinin jurnalistlərə bildirib ki, Rusiyaya qarşı sanksiyaların ikinci mərhələsinə keçməyə hazırdır. Amma nə vaxt və necə bunu edəcəyini açıqlamayıb. Müəllifin vurğuladığı kimi, Putinin hesablamalarını dəyişmək üçün sadəcə iqtisadi təzyiqdən kənara çıxan köklü strategiya lazımdır.
Bloomberg şərhçisi qeyd edir ki, Tramp Ukraynadan yayınaraq məsələni Avropaya buraxmaq istəyir. O, ABŞ-ın bu müharibədə marağı olmadığını düşünən sabiq dövlət katibi Ceyms Beykerin 1990-cı illərdə Yuqoslaviya müharibələrinə yanaşmasını təkrarlayır.
"Əgər belədirsə, o, Beyker kimi səhv edir. Çünki həm bu müharibə, həm Birinci və İkinci Dünya müharibələri, həm Şimali Koreyanın Ukraynaya dərindən müdaxiləsi, həm də ötən həftə Pekində keçirilən sammit və hərbi parad göstərir ki, Avropada baş verənlər nadir hallarda yalnız Avropada qalır”, – deyə Çempion yekunlaşdırır.
Tramp daha əvvəl Rusiyanın Ukraynaya dəhşətli zərbələrinə reaksiya verib və Putinlə "bir neçə gün ərzində” danışacağını açıqlayıb. O, həmçinin həftənin əvvəlində bəzi Avropa liderlərinin Ağ Evə gələcəyini və onlarla Ukrayna müharibəsini müzakirə edəcəyini deyib.
"Bazar ertəsi və ya çərşənbə axşamı bəzi Avropa liderləri ölkəmizə gələcəklər. Mən düşünürəm ki, biz bu məsələni həll edəcəyik”, – deyə Tramp bildirib.
ABŞ prezidenti eyni zamanda Ukrayna üçün təhlükəsizlik zəmanətləri məsələsinə baxacağını və Avropanın burada birinci olacağını vurğulayıb:
"Ukrayna müharibəsinin sonu olacaq, ya da hamının baha başa gələcək bir cəhənnəm. Mən yeddi müharibəyə son qoydum, Ukrayna münaqişəsi də eyni taleyi yaşayacaq. Biz başqa işləri də görəcəyik. Amma bu, düşündüyümdən bir az çətin oldu. Buna baxmayaraq, bu ediləcək”, – deyə o əlavə edib.
Alpər
Şərhlər