Beynəlxalq Kosmik Stansiyada aparılan təcrübədə bakteriyalara yoluxan virusların mikroqravitasiya şəraitində fərqli şəkildə təkamül keçirdiyi bildirilib. Tapıntıların Yer üzündə aparılan əlavə təcrübələrlə antibiotiklərə davamlı infeksiyalarla mübarizəyə töhfə verə biləcəyi qeyd olunub.
Qaynarinfo xəbər verir ki, araşdırmaçılara görə, Yer üzündə bakteriyalar və viruslar arasında davam edən "təkamül yarışması” kosmosda fərqli gedir. Mikroqravitasiya şəraiti bakteriyaların quruluşunu və virus–bakteriya qarşılıqlı təsirlərini dəyişdirərək adət edilmiş əlaqələri pozur. Təcrübədə, bakteriyalara yoluxan virusların mikroqravitasiya şəraitində də fəaliyyətini davam etdirə bildiyi, lakin prosesin daha yavaş və fərqli şəkildə getdiyi vurğulanıb.
Kosmosda genetik dəyişiklik müşahidə edildi
Alimlər Beynəlxalq Kosmik Stansiyadakı nümunələri Yer üzündəki nümunələrlə müqayisə edib. Nəticələr göstərir ki, kosmosdakı viruslar yoluxma qabiliyyətini artıran unikal genetik dəyişikliklər inkişaf etdirib. Eyni zamanda, kosmosdakı E. coli bakteriyalarının da viruslara qarşı özlərini qorumaq üçün mutasiyalar topladığı bildirilib.
Yer üçün ümidverici nəticələr
Araşdırmaçılar bildiriblər ki, kosmosda ortaya çıxan bu dəyişikliklər Yer üzündə aparılan əlavə təcrübələrdə, sidik yolları infeksiyalarına səbəb olan və normalda davamlı olan bakteriyalara qarşı daha təsirli nəticələr verib.
Tədqiqatın müəllifləri deyiblər: "Kosmos viruslar və bakteriyalar arasındakı qarşılıqlı təsiri kökündən dəyişdirir. Bu uyğunlaşma proseslərini öyrənməklə, Yer üzündə daha güclü müalicələr inkişaf etdirə bildik".
Araşdırma "University of Wisconsin–Madison" rəhbərliyi altında aparılıb və nəticələr "PLOS Biology" jurnalında yayımlanıb.
Aydın
Şərhlər