ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin məlumatına görə, Çin mənşəli cinayətkar dəstələr son üç il ərzində saxta qısa mesajlar, oğurlanmış şəxsiyyət məlumatları və mobil ödəniş sistemlərindən istifadə etməklə amerikalılardan bir milyard dollardan çox pul ələ keçiriblər.
Qaynarinfo xəbər verir ki, "Smishing" adlanan bu üsulda uzaqdan idarə olunan "SIM ferması"ndan istifadə olunur.
Nazirliyin açıqlamasına əsasən, Çin mərkəzli bu mütəşəkkil cinayətkar qruplar saxta dövlət ödəniş bildirişləri və qlobal mobil ödəniş infrastrukturu vasitəsilə vətəndaşları aldadaraq, onların maliyyə məlumatlarını ələ keçiriblər.
Mütəxəssislər bu metodun mürəkkəbliyinin və miqyasının sürətlə artdığını vurğulayırlar. "Independent" qəzetinin məlumatına görə, uzaqdan idarə olunan "SIM fermaları" vasitəsilə minlərlə SMS göndərilir və qurbanlar saxta veb-saytlara yönləndirilir. Burada ələ keçirilən istifadəçi adları, şifrələr və maliyyə məlumatları Asiyada yaradılmış "Google” və "Apple” cüzdanlarına qeyd olunur, daha sonra ABŞ-da işə götürülmüş podratçıların telefonlarına bağlanır. Həmin işçilər oğurlanmış məlumatlardan istifadə edərək hədiyyə kartları, "iPhone” və digər bahalı məhsullar alırlar. Bu məhsullar sonradan Çinə göndərilir.
Daxili Təhlükəsizlik Nazirliyinin İstintaq İdarəsinin əməkdaşı Adam Parks "Wall Street Journal”a açıqlamasında deyib: "Sim ferması"nda işləyən bir şəxs eyni anda min telefon xəttindən göndərilə biləcək qədər çox qısa mesaj göndərə bilər. Bu sistem dələduzlara eyni vaxtda çox geniş auditoriyanı hədəfə almaq imkanı yaradır".
Rəsmilər dələduzluğun miqyasını digər göstəricilərlə də təsdiqləyiblər: ötən il Federal Təhqiqat Bürosuna (FBI) SMS əsaslı keçid haqqı ("toll”) fırıldaqları ilə bağlı təxminən 60 min şikayət daxil olub. Araşdırmaçılar isə ötən ay təkcə bir gün ərzində 330 min belə hadisə qeydə alındığını bildiriblər. Bu, 2024-cü ilin yanvar ayı ilə müqayisədə üç dəfə çoxdur.
"Smishing” (SMS və kimlik oğurluğunun birləşməsi) artıq Florida, Massaçusets, Texas, Kolorado, Kaliforniya, Minnesota və Vaşinqton D.C. kimi ştat və bölgələrdə rəsmi xəbərdarlıq mövzusuna çevrilib. Rəsmilər vətəndaşlara bu cür mesajlara cavab verməməyi və dərhal Federal Ticarət Komissiyasına ("FTC”) müraciət etməyi tövsiyə ediblər.
Aydın
Şərhlər