"İstanbulda böyük zəlzələ qaçınılmazdır".
Qaynarinfo xəbər verir ki, bunu "RIA Novosti" agentliyinə müsahibəsində professor, İstanbul Bələdiyyəsinin Zəlzələ Elmi Şurasının üzvü, seysmoloq Haluk Eyidoğan deyib.
O qeyd edib ki, Mərmərə dənizi bölgəsi həmişə zəlzələlərə məruz qalıb və bu, Bizans dövrünə aid arxivlərdən də aydın görünür. Ekspertin fikrincə, hazırkı zəlzələnin daha böyük bir zəlzələnin xəbərçisi olması barədə bəyanatlar əsasən media üçün verilir.
"Bu bölgənin tarixini bilən hər kəs bu barədə danışa bilər. Bəli, əlbəttə ki, Mərmərə dənizi bölgəsində böyük bir zəlzələ olacaq və biz alimlər bunu uzun illərdir deyirik", deyə Eyidoğan bildirib.
Onun sözlərinə görə, bu hadisənin 40-50 il ərzində baş verəcəyini iddia etmək tamamilə düzgün deyil:
"Alimlər yalnız belə bir hadisəni ehtimal edə bilər. Heç kim dəqiq tarix deyə bilməz, bunu proqnozlaşdırmaq mümkün deyil, amma istənilən halda Mərmərə dənizində böyük bir zəlzələ riski yüksəkdir".
Eyni zamanda, ekspert diqqətə çatdırıb ki, Mərmərə dənizində episentri olan son dağıdıcı zəlzələ 1766-cı ildə baş verib.
24 aprel tarixində türkiyəli seysmoloq Ahmet Ercan bildirmişdi ki, 23 apreldə Türkiyədə baş verən zəlzələ daha böyük, 7-7,2 bal gücündə bir seysmik hadisənin xəbərçisi ola bilər və bu zəlzələ böyük ehtimal 2045-2075-ci illər arasında baş verəcək.
23 aprel tarixində İstanbul bölgəsində bir neçə zəlzələ qeydə alınıb. Türkiyənin Fövqəladə Hallar və Fəlakətlərin İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, ən güclü zəlzələnin maqnitudası 6,2 olub. Titrəşmələr hətta 300 km uzaqlıqdakı Ankara şəhərində də hiss olunub. Fövqəladə xidmətlər gücləndirilmiş hazırlıq rejiminə keçib. Bu hadisələr fonunda seysmoloqlar Celal Şəngör və Naci Görür İstanbulda "böyük zəlzələ"nin yaxınlaşdığını və hakimiyyəti təcili tədbirlər görməyə çağırıblar.
Aydın
Şərhlər