Xəbər lenti

Sentyabrın məlumatları yayımlandı: Vəziyyət pisləşməyə davam edir
Dünya 12:48 15.10.2025

Sentyabrın məlumatları yayımlandı: Vəziyyət pisləşməyə davam edir

Qlobal istiləşmənin təsirləri hər keçən ay daha aydın görünən hal alarkən, 2025-ci ilin sentyabr ayında da dünya miqyasında rekord istiliklə yadda qalan bir ay olub. 

Qaynarinfo xəbər verir ki, Avropa İttifaqına bağlı Kopernik İqlim Dəyişikliyi Xidmətinin məlumatları dünya üzrə narahatedicı mənzərəni ortaya qoyur. Sentyar ayına aid ölçmələr də bu narahatçılığı artıracaq növdəndir.

Kopernik İqlim Dəyişikliyi Xidmətinin (C3S) açıqladığı son məlumatlara görə, ötən ay Yer kürəsində ölçülən orta hava istiliyi 16,11°C dərəcəyə çataraq, qeydlərə keçirilən ən isti üçüncü sentyabr ayı olub.

Bu göstərici 1991–2020-ci illər arasındakı sentyabr ayları ortalamasının tam 0,66°C yuxarısında seyir edir. Son məlumatlar bəşəriyyətin səbəb olduğu iqlim böhranının quruda və dənizdə davamlı olaraq yüksək temperaturlara səbəb olduğunu aydın şəkildə göstərir.

2023-cü il 16,38°C orta göstəricisi ilə hələ də ən isti sentyabr rekortunun sahibi olsa da, 2025-ci ilin bu rekorda yaxınlaşması mütəxəssisləri narahat edir. Dünya bu il artıq ən isti ikinci may ayının ardınca, ən isti üçüncü iyun, iyul və avqust aylarını yaşayıb.

2024-cü il qlobal orta hava istiliyi ilə bütün zamanların ən isti ili kimi qeydələrə keçsə də, mövcud istiləşmə meyli davam etdiyi təqdirdə 2025-ci ilin bu rekordu qırması və siyahının zirvəsində yer alması mümkün ola bilər. Mütəxəssislər bu davamlı artımın əsas səbəbinin atmosferdə toplanan insan tərəfindən yaradılan istixana qazı emissiyaları olduğunu bildirirlər.

Kopernikin məlumatlarına görə, Oktyabr 2024-dən sentyabr 2025-ə qədər olan 12 aylıq dövrdə orta temperatur sənaye əvvəli səviyyələrindən 1,51°C yuxarı ölçüldü. Bu vəziyyət, Paris İqlim Sazişində müəyyən edilmiş qlobal istiləşməni 1,5°C ilə məhdudlaşdırma hədəfinin, ilk dəfə olaraq belə uzunmüddətli bir dövrdə müvəqqəti olaraq aşıldığı mənasını verir. Bu, iqlim dəyişikliyi ilə mübarizədə kritik bir dönüm nöqtəsi kimi qiymətləndirilir.

C3S məlumatları peyk, gəmi, təyyarə və yer stansiyalarından əldə edilən milyardlarla ölçməyə əsaslanaraq planetin aylıq orta hava temperaturunu təmsil edir. Yerli bir bölgədə 35°C-nin təhlükəli hesab edildiyi nəzərə alınarsa, 16°C-lik qlobal orta temperatur planetin ümumi istiləşmə səviyyəsinin nə qədər yüksək olduğunu göstərir.

Sentyabr ayında Avropa üzrə orta quru istiliyi 15,95°C olaraq müəyyən edilib, bu göstərici 1991–2020 ortalamasının 1,23°C aşağısında qalıb. Skandinaviya və Şərqi Avropa ortalamadan yuxarı temperaturlar yaşayarkən, Qərbi Avropanın bəzi bölgələrində ortalamadan daha sərin şərait müşahidə edilib.

Avropadan kənar bölgələrdə isə Kanada, Qrenlandiyanın bəzi hissələri, şimal-qərbi Sibir və Antarktidanın böyük hissələri ortalamadan yuxarı temperaturlarla mübarizə aparıb.

Digər tərəfdən, qlobal istiləşmənin ən aydın göstəricilərindən olan dəniz səthi temperaturları da rekord səviyyələrə çox yaxınlaşıb. Dəniz səthi temperaturu 20,72°C olaraq ölçülüb və bu, 2023-cü ildəki rekordun cəmi 0,2°C gerisində qalıb. Okeanların da uzunmüddətli istiləşmə trendini davam etdirdiyini göstərən bu vəziyyət dəniz ekosistemləri üçün böyük təhdid yaradır.

Nəhayət, Arktik dəniz buzunun sahəsi, peyklərin qeydiyyata başladığı dövrdəki ən aşağı 14-cü səviyyə olan 5,07 milyon kvadrat kilometr olaraq qeydə alınıb. Bu aşağı səviyyələr Şimal Qütbündəki temperaturların normaldan xeyli yuxarı getdiyini və buz örtüyünün qış aylarındakı bərpa sürətinin yavaşladığını göstərir.

Samir

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->