Xəbər lenti

Qızılın qiyməti rekord qırır: Səbəblər nədir?
Ekonomiks 13:25 15.10.2025

Qızılın qiyməti rekord qırır: Səbəblər nədir?

"Qızılın qiymətinin 4 200 dollar həddini aşaraq tarixi maksimuma çatması dünya iqtisadiyyatında mühüm siqnal hesab olunur. Bu artım həm geosiyasi gərginliklərin, həm də ABŞ-ın pul siyasəti ilə bağlı qeyri-müəyyənliyin nəticəsidir".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli dünya bazarında qızılın qarşıdakı aylarda artımla bağlı gözləntilərindən danışarkən deyib. 

Ekspert qızıla tələbin artacağını hesab edir. O, bunun səbəblərini də açıqlayıb:
 
1. Faiz siyasəti və dolların zəifləməsi: ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz endirimlərinə 2026-cı ilin əvvəlində başlaya biləcəyi gözləntiləri qızıl üçün dəstəkləyici amil sayılır. Faizlərin azalması dolların zəifləməsinə, nəticədə isə qızıla tələbin artmasına gətirib çıxarır.

2. Geosiyasi risklər və təhlükəsizlik aktivlərinə yönəlik tələbat: Yaxın Şərqdə, eləcə də Ukrayna bölgəsində gərginliyin davam etməsi investorların "təhlükəsiz liman” hesab olunan qızıla yönəlməsinə səbəb olur. Bu faktor ilin sonuna qədər qiymətlərin sabit yüksək səviyyədə qalmasına imkan verə bilər.

3. Mərkəzi bankların alış tendensiyası: Son illərdə xüsusilə Çin, Hindistan və Rusiya kimi ölkələrin mərkəzi bankları qızıl ehtiyatlarını artırır. Bu meyl 2025-ci ilin sonuna qədər də davam edəcəyi halda bazarda əlavə təzyiq yarada bilər.

4. Qiymət proqnozları: Qısamüddətli dövrdə (oktyabr–dekabr 2025) qızılın bir unsiyasının qiymətinin 4 100–4 300 dollar aralığında dəyişməsi ehtimal olunur.
 


Ekspert orta müddətli, 2026-cı ilin ilk yarısı üçün proqnozu belə açıqlayıb:

"Əgər FED-in faiz endirimləri gerçəkləşərsə qiymət 4 400–4 500 dollar səviyyəsinə qədər yüksələ bilər. Gümüş isə 2026-cı ilin əvvəlində 55–58 dollar səviyyəsinə qədər bahalaşa bilər. Hazırkı trendlər göstərir ki, qızıl qiymətlərindəki artım qısamüddətli dalğa deyil, daha çox uzunmüddətli tendensiyanın davamıdır. İnflyasiya təzyiqləri və siyasi risklər fonunda investorlar ilin sonuna qədər də qiymətli metallar bazarını üstün investisiya istiqaməti kimi saxlayacaqlar".

Qeyd edək ki, əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti record həddə çatıb. Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə dekabr fyuçerslərinin qiyməti 1,07% artaraq 4 207,7 ABŞ dollarına bərabər olub.

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->