Çinarə Ömray
Kəndimizdən çıxanda 6 yaşım vardı. Məktəbə getməyə hazırlaşırdım. Bir çantam, bir məktəb paltarım, bir də dəftərlərim. Saymağı da bilirdim. Saymağı hər gecə evimizin üstündən uçuşan mərmiləri sayaraq öyrənmişdim. Gecə olanda işıqları söndürürdük ki, ermənilər görüb nişan almasınlar. Amma bu həm də əyləncəli idi. Çünki göydə uçuşan mərmilər daha aydın görünürdü. Mən sayırdım: bir, iki, üç, beş...
Nənəm: "Beş yox, üşdən sonra dörd gəlir, qızım”.
Belə-belə saymağı öyrənmişdim.
Səhəri ağlaşma səsinə açırdıq, kiminsə evi vurulmuş olurdu.
Sonra bir səhər ən təzə paltarımı (məktəb paltarımı) geyindim, çantamı götürdüm, bütün kəndin qadınları və uşaqları ilə birgə böyük sarı bir avtobusa mindik. Mamamdan soruşdum: hara gedirik? Dedi, məktəbə, özü də şəhər məktəbinə.
Sevincimin həddi-hüdudu yox idi. Amma məndən başqa hamı ağlayır, deyinirdi.
Bunlar yaşadıqlarımın qısa, həm də çooox qısa təsviridir. Sonra başladı şəhərli günlərimiz.
Nənəm də, babam da elə kəndimizin bütün nənə babaları da öyrəşə, alışa bilmirdilər bu şəhərli günlərə.
Hərdən evimizdə yaxşı bir yemək bişəndə (nadirən yaxşı yemək bişərdi, çünki bir külfət adam idik, yemək çatdırmaqmı olardı?) nənəm deyirdi ki, görən Suya nə bişirib? Ya da bir aş dəmləyəndə evdən kimsə deyirdi ki, Gülzar xalanın aşının qoxusu gəldi.
Biz kəndimizi - Müskanlını Sumqayıtda köhnə fabrikin uçuq-sökük həyətində sığındığımız o pəncərəsiz evdə hər gün yaşadırdıq.
Hərdən Hüseyn baba gəlirdi bizə. Kənddə qapı qonşusu olmuşuq. Onda "google” nə idi, bilmirdim, amma indi olsa, deyərdim, Hüseyn baba canlı "google” idi. Onun zəkası, yaddaşı, məlumat bazası, bilgisi sadəcə heyrətamiz idi.
Hüseyn babanın bizə gəlişi mənimçün toy-bayram olurdu. Uşaq idik, amma onların söhbətinin enerjisindən doymaq bilmirdik.
İndi düşünürəm ki, bir evdə qalmamaq üçün ana övladla düşmən olur, gəlin ərindən boşanır, qardaş qardaşı öldürür. Amma biz qaçqın düşəndə ana nənəmgil Qəndab nənəylə bir evdə qalırdılar. Həm də bu, illərcə belə davam etdi.
Bildiyiniz bir evdə, ayrı-ayrı otaqlarda. Mən elə bilirdim ki, nənəmlə Qəndab nənə bacıdırlar. Elə rahat onların otaqlarına keçir, orda yeyib-içib evə gəlirdim ki…
Heç bir qohumluq bağı, qan bağı bu qədər doğmalaşdıra bilməzdi adamı. Onların sirləri də, süfrələri də, istəkləri də, məqsədləri də bir idi.
Şəhərdəki insanların bir-birinə ögey, laqeyid münasibətlərini gördükcə öz kökümə, oz kəndimə daha çox dönüb kilidlənirdim.
Mənim üçün ən böyük and Mirsədi babanın ocağıydı, ən böyük dərd vətən dərdi, ən müqəddəs yer kəndimiz idi. Çünki nənəm bizə bunu aşılamışdı.
Nənəmin bütün xatirələrinə şərik çıxmışdıq. O gün olmazdı ki, evimizdə kənddən söz düşməsin.
Biz hər süfrə başına yığışanda kənddən söz düşər, bir anlaıq da olsa xəyallarımız bizi ot basmış yollarla, Sumqayıtdan daha-daha uzağa, doğmalarımızın ruhlarının ziyarət yerilərinə çevrilən, boş qalmış yurdumuza, sahibsiz bağlara, bağçalara aparırdı.
İllər sürətlə geçirdi, babalarımız, nənələrimiz "vətən” deyə deyə dünyalarını dəyişdilər. Və bizə görə böyük möcüzə gerçək oldu artıq - Qubadlı azaddır!
Hər şey sürətlə dəyişirdi. Adamlar ölür, onları yeniləri əvəz edir, evlər sökülür, yerində yüniləri tikilir, şəhərlər görüntüsünü, çaylar axarını, dövlətlər konustitsiyalarını, ölkələr ərazi bütövlüyünü dəişdirirdi.
Bu kainatda bircə dəyişməyən bizim kəndin adamları idi. Baba, nənə mirasına, sevgisinə sadiq qalan kəndimin adamları.
Bir qrupumuz var: "Müskanlıdan gələnlər" .
Əlində silah, qolunda güc, ürəyində süvgisi ilə düşmənlə döyüşən, ona meydan oxuyan o cavan oğlanlar indi babalarımızı əvəz edir, ağsaqqallıq edirlər Müsganlıdan gələnlərə.
Babalarımız, nənələrimiz o sevgini elə qoruyub saxlayıblar ki, elə böyük bir mərhəmətlə özlərindən sonrakılara ötürüblər ki, onlar da artıq o sevginin daşıyıcılarına çevrilib və həmin missiyanı, o vətən sevgisini, doğma yurda bağlılığı ürəklərində qoruyub saxlayaraq bu günə gətirə biliblər.
Necə ki, qədimdə insanlar odu qoruyub saxlayar, onun sönməməsi üçün yanında dayanardılar ki, o alovu gələcək nəsillərə ötürə bilsinlər – bizim ağsaqqallarımız, ağbirçəklərimiz, Qubadlıdan, el-obadan köçən o qoca nənə-babalarımız da eyni qaydada o sevgini, o müqəddəs missiyanı qoruyub saxlayıblar.
Ümid edirəm ki, bu günün nəsli də eyni inamla, eyni sevgi ilə o doğmalığı, kəndimizin ab-havasını, o ruhu qoruyub saxlayacaq və gələcək nəsillərə ötürə biləcək.
Qubadlıya gedirik. İçimdəki həyəcanın, sevincin yaşı çox böyükdü, hardasa 70-i keçər. Yol boyu maşında anamgilin xatirələri fonunda düşünürəm: "Nənəm olsa, nə deyərdi", "babam bu günü görsə, necə sevinərdi".
Görülən ilk iş qəbiristanlığı təmizləmək oldu. Bəlkə də kənardan baxan üçün bu, sadəcə ot biçmək, daş düzəltmək, torpağı silib-süpürmək idi. Əslində bu adamlar o gün torpağın yaddaşını silir yox, oyadırdı.
Onlar orda torpağa qarışmış adların tozunu deyil, yaddaşımızın üstünü örtən illərin tozunu silirdi.
Qəbiristanlıq — üç mərtəbə kimi idi: biri keçmişin səsi, biri bu günün nəfəsi, biri gələcəyin duası.
Kəndimin kişiləri o məzar daşlarını silərkən, elə bil hər daşın altından bir nəfəs qalxırdı — "unutmayın bizi” deyən bir səs.
Əslində, bəlkə də məhz buna görə bu işdən başladılar. Çünki bir yeri yenidən qurmaq üçün əvvəlcə orada uyuyanları oyatmaq, onların ruhunu sakitləşdirmək lazımdır.
O ruh sakit olmadan, o torpaq da dirilmir.
Bu gün o qəbiristanlığı təmizləməyimiz – keçmişlə barışmaq, soykökə salam vermək, torpağın ruhuna hörmətlə baş əymək idi.
Bu, bərpanın ilk mərhələsi idi — ev tikməkdən, yol çəkməkdən öncə xatirələri diriltmək mərhələsi.
Bəlkə də o gün, o qəbiristanlıqda biz yalnız torpağı deyil, özümüzü də təmizləyirdik.
Çünki hər oraq vuruşunda bir xatirə oyandı, hər toz dumanında bir dua qalxdı.
O dua bu torpağın üstündə yenidən kök atdı.
Və mən anladım:
bəzən bərpa bir daşdan deyil, bir sevgidən başlayır.
O sevgi – keçmişlə gələcək arasında körpü kimi – bu torpağın ruhunu yaşadan ən müqəddəs tikilidir.
Bu kənd həm də Eldar Baxışı Azərbaycana bəxş etmiş o böyük ürəkli, şair ruhlu kənddir. Sizi sevirəm kəndimin adamları!
Şərhlər