Xəbər lenti

Sakitcə gəlir, gəncləri hədəfə alır: Risk 20 yaşlara qədər endi, 10 ildə 20 faiz artdı
Sağlamlıq 17:35 27.08.2025

Sakitcə gəlir, gəncləri hədəfə alır: Risk 20 yaşlara qədər endi, 10 ildə 20 faiz artdı

Beyin qanaması artıq yalnız yaşlıların problemi deyil. Sakitcə irəliləyir və gəncləri hədəf alır. Bir vaxtlar daha çox yaşlı nəsildə rast gəlinən bu xəstəlik indi 20 yaşlarında olan gənclərdə də özünü göstərir. Mütəxəssislər xəbərdarlıq edir: bu artışın səbəbləri düşündüyünüzdən daha mürəkkəb ola bilər.

Qaynarinfo xəbər verir ki, Helsinki Universitetində aparılan tədqiqatda 16-49 yaş aralığında beyin daxili qanamanın (intracerebral hemorrhage, ICH) hər 100 min nəfərə görə illik insidensinin 4,9 olduğu qeyd olunub. Dünya miqyasında aparılan "Global Burden of Disease" layihəsi də gənc yetkinlər arasında beyin qanaması hallarının artdığını göstərir.

Son illərdə tanınmış elm adamları və ictimai xadimlərin bu xəstəliklə mübarizəsi də mövzuya diqqəti artırıb. Məsələn, türkiyəli alim Canan Dağdeviren iyun ayında beyin qanaması keçirərək 12 gün reanimasiyada qaldığını açıqlayıb. Professor Övgün Ahmet Ercan da Bosniya və Herseqovinada beyin qanaması və insult səbəbi ilə xəstəxanaya yerləşdirilmişdi. Serbiya naziri Darko Qlişiç isə canlı efirdə qəfil beyin qanaması keçirmişdi.

Son 10 ildə 15-20 faiz artım

Beyin və sinir cərrahı dosent doktor Muhammet Arif Özbek deyib:

"Son illərdə beyin qanaması hallarının gənclərdə də artdığı doğrudur. Son 10 ildə gənclərdə bu riskdə təxminən 15-20 faiz artım müşahidə olunub. Bu meylin gələcək illərdə də davam edəcəyi gözlənilir".

Onun sözlərinə görə, gənclərdə anevrizma və damar anomaliyaları önəmli rol oynayır. Bundan əlavə, yüksək təzyiq, piylənmə, hərəkətsiz həyat tərzi, siqaret, spirtli içkilər və xüsusilə enerji içkilərinin həddindən artıq istifadəsi risk faktorlarını artırır. Genetik meyl və ətraf mühit təsirlərinin birləşməsi də riski yüksəldir.

Gənclər və yaşlılarda fərqli səbəblər

Yaşlılarda beyin qanaması əsasən hipertoniya səbəbindən kiçik damarların yırtılması ilə əlaqələndirilir. Gənclərdə isə daha çox anevrizma partlaması və damar malformasiyaları ön plandadır. Bu fərqliliklər həm klinik gedişi, həm də cərrahi müalicə üsullarını müəyyənləşdirir.

Diqqət edilməli ilkin əlamətlər

Doç. Dr. Özbekin vurğuladığı əsas xəbərdarlıq siqnalları bunlardır:

* qəfil və şiddətli baş ağrısı
* ürəkbulanma və qusma
* görmə pozğunluğu
* danışıq çətinliyi
* üz və ya bədəndə qəfil keylik və zəiflik
* şüur bulanıqlığı

Mütəxəssis bu simptomların "dərhal təcili yardıma müraciət edilməli olan xəbərdarlıq siqnalları" olduğunu bildirir.

Gənclərdə sağalma şansı yüksəkdir

Gənclərdə beyin plastisiteti daha güclü olduğu üçün nevroloji bərpa prosesi daha sürətli gedir. Bu səbəbdən gənclərin sağalma ehtimalı yaşlılara nisbətən yüksəkdir. Lakin bu üstünlük yalnız vaxtında və düzgün müdaxilə ilə mümkündür.

Çevrə amilləri də təsir edir

Mütəxəssislərə görə, həyat tərzi ilə yanaşı, iqlim dəyişikliyi, hava çirkliliyi, ağır metal təsiri və şəhər stressi də damar sağlamlığını pozur və riskləri artırır. Son illərdə aparılan araşdırmalar bu təsirlərin artdığını sübut edir.

Nəticə etibarilə, gənclərdə artan beyin qanaması hallarının yalnız fərdi deyil, cəmiyyət miqyasında da ciddi bir xəbərdarlıq olduğu vurğulanır. Sağlam qidalanma, siqaret və spirtli içkilərdən uzaq durmaq, müntəzəm tibbi müayinələr və erkən diaqnoz həyati əhəmiyyət daşıyır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->