ABŞ mərkəzli Amerikan Xərçəng Cəmiyyətinin məlumatına görə, 2025-ci ilin sonuna qədər təxminən 67 min 400 nəfərə mədəaltı vəzi xərçəngi diaqnozu qoyulacaq və onlardan 52 min nəfərin həyatını bu xəstəlik səbəbilə itirəcəyi proqnozlaşdırılır.
Qaynarinfo xəbər verir ki, mədəaltı vəzi xərçəngi həzm və qanda şəkərin tənzimlənməsində mühüm rol oynayan bu orqandakı hüceyrələrin anormal çoxalması ilə yaranır. Ən aqressiv xərçənglərdən biri hesab olunan bu xəstəlikdə beşillik sağ qalma göstəricisi cəmi 13 faizdir. Bunun əsas səbəbi isə erkən diaqnozun çox çətin olmasıdır.
Səssiz təhlükənin əlaməti: Sarılıq
UC San Diego Sağlamlıq Mərkəzindən professor Dayan Simeone bildirir ki, mədəaltı vəzi qarının dərinliklərində yerləşdiyi üçün bu xərçəng adətən bel ağrısı, yorğunluq, arıqlama və həzm problemləri ilə özünü büruzə verir. Bu əlamətlər isə çox vaxt başqa xəstəliklərlə qarışdırılır.
Mədəaltı vəzi xərçənginin daha aydın göstəricilərindən biri sarılıqdır. Bu, əsasən gözlərin ağı hissəsində və dəridə saralma ilə müşahidə olunur. Sarılıq qandakı bilirubin səviyyəsinin yüksəlməsi nəticəsində yaranır. Safra yollarının tutulması və ya qaraciyərin işləməməsi səbəbindən bilirubinin bədəndə toplanması gözlərdə və dəridə rəng dəyişikliyinə yol açır.
Sarılıqla yanaşı, tünd rəngli sidik, açıq rəngli nəcis, qaşınma və qarın ağrısı kimi digər simptomlar da müşahidə edilə bilər.
Yalnız mədəaltı vəzi xərçəngi deyil
Sarılıq hepatit, siroz, qaraciyər xərçəngi, öd kisəsi daşları, bəzi infeksiyalar, dərmanlar və genetik xəstəliklərdə də yarana bilər. Lakin xüsusən mədəaltı vəzinin baş hissəsindəki şişlər safra kanalını bağladıqda bu, mədəaltı vəzi xərçənginin ciddi xəbərçisi ola bilər.
Erkən diaqnoz üçün müayinələr
Risk qrupuna daxil olan şəxslərə – ailəsində bu xəstəliyə rast gəlinənlərə, genetik mutasiyaya sahib olanlara və xroniki pankreatiti olanlara müntəzəm olaraq MRT, KT və endoskopik ultrasəs müayinələrindən keçmək tövsiyə olunur. Diaqnozun təsdiqi üçün adətən şişdən toxuma nümunəsi götürülür. Bundan əlavə, CA 19-9 adlı şiş markerinin yoxlanılması, qan analizi və qaraciyər funksiyasının testləri də əhəmiyyətlidir.
PRECEDE layihəsi: Erkən aşkarda yeni ümid
Professor Simeone mədəaltı vəzi xərçənginin erkən aşkarlanmasına yönəlmiş beynəlxalq PRECEDE konsorsiumunun rəhbəridir. 9 min 500-dən çox yüksək riskli insan üzərində aparılan bu layihə ilə erkən diaqnostika protokollarının standartlaşdırılması və qan testi kimi biomarkerlərin hazırlanması hədəflənir. Məqsəd – beşillik sağ qalma göstəricisini 13 faizdən 50 faizə qədər artırmaqdır.
Müalicədə zamanlama həyati əhəmiyyət daşıyır
Mədəaltı vəzi xərçəngində cərrahi müdaxilə, kimyaterapiya, radioterapiya, hədəfli müalicə, immunoterapiya və palyativ baxım kimi müxtəlif variantlar mövcuddur. Lakin şişin cərrahi yolla çıxarılması yalnız xəstəlik yayılmadan mümkün olur. Buna görə erkən aşkarlanma həyat qurtaran amil hesab olunur.
Professor Simeone deyir: "Cərrahi rezeksiyanın effektivliyi yalnız erkən mərhələdə mümkündür. Bu səbəbdən erkən diaqnoz həyati əhəmiyyət daşıyır".
Aydın
Şərhlər