Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 102 ünvanında yerləşən "Rich Life" restoranında insident törədən şəxsə qarşı məhkəmə qərarı elan edilib.
Qaynarinfo-nun məlumatına görə, 2002-ci il təvəllüdlü, Ağcabədi rayonunda anadan olmuş İntiqam Məmmədova (soyad şərti) qarşı Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanı kobud şəkildə pozma, ictimai yerdə başqalarının sakitliyini pozan, zor tətbiqi ilə müşayiət olunan hərəkətlər) maddəsi ilə cinayət işi açılıb və işə məhkəmə baxıb.
İş materiallarına əsasən, İntiqam xanım tanışı V.G. ilə birlikdə həmin restoranda A.D. adlı rəfiqələrinin ad günü məclisində iştirak edib. Təqsirləndirilən şəxs məclis zamanı spirtli içki qəbul etdikdən sonra V.G. ilə mübahisə edib. Restoranın administratoru onu sakitləşdirməyə çalışsa da, İntiqam aqressiv davranaraq restorana məxsus əmlakı dağıtmağa başlayıb.
Belə ki, o, təpiklə bir ədəd 2600 manatlıq "Samsung" və bir ədəd 800 manatlıq JVC markalı televizoru sındırıb. Bundan başqa, əli ilə rəflərdəki içki şüşələrini yerə ataraq sındırıb:
* 4 ədəd 700 ml-lik, hər biri 450 manat olan "Hennessy XO" konyakı
* 5 ədəd 1 litr həcmli, hər biri 220 manat olan "Chivas 18" viskisi
* 6 ədəd, hər biri 70 manat olan "Sierra" markalı tekila
* 4 ədəd 700 ml-lik, hər biri 65 manat olan "Jack Daniels" viskisi
* 1 ədəd, 60 manatlıq 1 litr "Jägermeister" içkisi
* 1 ədəd, 120 manatlıq 750 ml-lik "Moet Chandon" şərabı
* 2 ədəd, hər biri 60 manat olan 1 litr "Ballantine’s" viskisi
* 3 ədəd, hər biri 70 manat olan 1 litr "Jameson" viskisi
Nəticədə restorana ümumilikdə 7490 manat məbləğində maddi ziyan dəyib.
Hadisə bununla da bitməyib. İntiqam əsəbini cilovlaya bilməyərək restoranda olan Türkiyə vətəndaşı Burkaya hücum edib və ona sol çənə bucağının şişməsi ilə müşayiət olunan xəsarət yetirib. Daha sonra isə restoran qarşısında dayanmış taksi sürücüsü F.Y.-yə məxsus "Kia" markalı avtomobilin ön buferinin sol hissəsini təpiklə zədələyərək 200 manat məbləğində maddi ziyana səbəb olub.
Məhkəmədə təqsirləndirilən şəxs cinayəti sərxoş halda törətdiyini etiraf edib və peşman olduğunu bildirib. Məhkəmənin hökmü ilə onun istintaq zamanı həbsdə saxlanıldığı 4 ay 29 gün cəza müddəti nəzərə alınaraq, qəti olaraq 1 il 8 ay 2 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. Bu müddət ərzində o, elektron qolbaqla nəzarətdə saxlanılacaq.
Aydın
Şərhlər