Son sutka ərzində Rusiya ordusu Donetsk vilayətində irəliləyiş əldə edib.
Qaynarinfo xəbər verir ki, Ukraynanın monitorinq layihəsi DeepState-ın 15 may tarixli məlumatına görə, rus hərbçiləri Novoye qəsəbəsini işğal ediblər.
Bildirilib ki, Rusiya qüvvələri Donetsk vilayətində daha üç yaşayış məntəqəsinin – Çasov Yar, Malinovka və Nova Poltavka yaxınlığında da irəliləyiblər.
Qeyd edək ki, UNİAN-ın məlumatına görə, Rusiya daha genişmiqyaslı hücumlara hazırlaşır. "Financial Times” nəşri Ukrayna kəşfiyyatına istinadən yazır ki, Rusiya Ukraynadakı əsas döyüş nöqtələrinə qoşunlarını cəmləşdirir. Ötən həftə rus ordusu Donetskin şərqində, xüsusilə Pokrovsk və Toretsk şəhərləri ətrafında daha çox ərazini ələ keçirib.
Bundan əlavə, rus qüvvələri Dnepropetrovsk vilayətinə yaxınlaşır. Baxmayaraq ki, bu vilayətə birbaşa hücum tapşırığı verilməyib, DeepState analitiklərinin fikrincə, ruslar Donetsk vilayətinin inzibati sərhədlərinə çatacaqları halda bu fürsətdən istifadə edərək Dnepropetrovsk istiqamətində də hərəkətə keçə bilərlər. Onlar hesab edir ki, Donetsk vilayətinin sərhədlərinə çatmaq ruslar üçün "qalibiyyət xəbərləri" kontekstində təbliğat vasitəsinə çevriləcək, Dnepropetrovsk isə əlavə psixoloji təsir aləti kimi istifadə olunacaq.
Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, ruslar mototsikletlərdən istifadə edərək Dnepropetrovsk vilayətinə Novopavlovsk istiqamətindən soxulmağa çalışırlar. Cənub Müdafiə Qüvvələrinin nümayəndəsi Vladislav Voloşin bildirib ki, bu istiqamətdə Ukrayna müdafiəçiləri manevrli müdafiə aparır və mümkün qədər çox işğalçını məhv etməyə çalışırlar.
Alpər
Şərhlər