Səhər yuxudan duran kimi pəncərəni açıb otağı, evi havalandırmaq bir çoxumuz üçün adi vərdişdir. Lakin Almaniyada bu məsələ bir qədər şişirdilərək sərt qaydalara bağlanıb, hətta kirayə müqavilələrinə belə salınıb. Digər ölkələrdə yaşayanlar bu qaydaları qəribə saysalar da, amerikalıların son dövrlər havalandırmaya tamamilə yeni yanaşma gətirməsi almanları daha da qıcıqlandırır.
Qaynarinfo xəbər verir ki, ABŞ-ın Havay ştatının Honolulu şəhərindən Almaniyanın paytaxtı Berlinə köçən Uayt Qordon onu nə gözlədiyindən xəbərsiz olub. Alman ev yoldaşı Laura hər səhər saat 8-də Qordonun otağına girib pəncərələri açırmış. Üstəlik, Laura bu işi gündə üç dəfə, dəqiq müəyyən olunmuş saatlarda edib. Havanın buz kimi soyuq olması, Qordonun bazar günü yatmaq istəyi və ya otaqda qonağının olması Laura üçün fərq etməyib. Müəyyən edilmiş saatlarda pəncərələrin açılması onun üçün güzəştə gedilməyən qayda olub.
Riçmondda doğulmuş, 35 yaşlı şəhərsalma mütəxəssisi Qordon qısa zamanda bu qaydanı tətbiq edən təkcə Lauranın olmadığını anlayıb.
Almanca "havalandırma” və ya "hava alma” mənasını verən "lüften” almanların ev həyatında vazkeçilməz qaydaların başında gəlir. Günəşli, yağışlı, soyuq və ya isti olmasından asılı olmayaraq, pəncərələrin gündə bir neçə dəfə açılması, daxildəki çirkli havanın təmiz hava ilə dəyişdirilməsi tələb olunur.
Əlbəttə, evin havalandırılması bizim mədəniyyətdə də mühüm yer tutur. Bir çoxumuz səhər ilk iş olaraq yataq otağının pəncərəsini açıb gecə ərzində yığılan havanı dəyişirik. Ancaq Almaniyada bu vərdiş ciddi qaydalarla tənzimlənir.
Məsələn, bir çox yaşayış binasının kirayə müqaviləsində kirayəçilərin, xüsusən qış aylarında pəncərələri gündə bir neçə dəfə açmalı olduğu açıq şəkildə qeyd edilir. Alman məhkəmələrinin qərarlarına əsasən, ev sahibinin xüsusi göstərişi yoxdursa, kirayəçilər səhər və axşam pəncərələri 10 dəqiqəlik açaraq evi havalandırmalıdırlar.
Uşaqlar bunu valideynlərindən öyrənir
Berlində yaşayan və "lüften”in ən qızğın müdafiəçilərindən olan 34 yaşlı Lukas Geşe "The Washington Post” qəzetinə bildirib ki, alman valideynlər uşaqlara bunu xüsusi olaraq öyrətmir: "Biz valideynlərimizin daim pəncərələri açdığını görərək böyüyürük. Bu, dil öyrənmək kimidir – avtomatik baş verir”.
Ancaq havalandırmanın bu qədər yayğın olmadığı ölkələrdən gələnlər üçün "lüften”ə uyğunlaşmaq çətindir. Xüsusilə qapalı məkanların şəraitinin kondisioner və ventilyasiya sistemləri ilə tənzimləndiyi, pəncərələrin daha çox dekorativ rol oynadığı ABŞ-dan gələnlər üçün pəncərə açmaq mədəni şok yarada bilər.
Hazırda isə əsas "lüften” şokunu almanlar yaşayır. Çünki pəncərə açmaq ABŞ sosial şəbəkələrində birdən-birə viral olub. Amerikalıların bu vərdişə yeni ad verərək onu özlərinə aid kimi təqdim etməsi almanları daha çox qəzəbləndirir.
Son aylarda "TikTok” platformasında məşhurlaşan "wellness” təsirçiləri "house burping”, yəni "evdə gəyirmə” trendindən danışırlar. Almanlar isə amerikalıların "lüften”i guya yeni kəşf etməsinə istehzalı videolarla cavab verirlər.
Sevgini "lüften” bitirdi
36 yaşlı Sara Armstronq yarı alman, yarı niderlandlı sevgilisi ilə birlikdə olmaq üçün 2022-ci ildə Kaliforniyadan Berlinə köçüb. Onlar artıq birlikdə deyil və Armstronqun sözlərinə görə, bunun əsas səbəbi məhz "lüften” olub.
O danışır ki, bir gün evə qayıdanda bütün pəncərələrin açıq olduğunu görüb və "Mətbəxdə nəsə yanıb?” deyə soruşub. Sevgilisi isə ona "lüften”i izah edib və kirayə müqaviləsində gündəlik havalandırmanın məcburi olduğunu bildirib.
Lakin kişi müqavilədə göstərilən minimum tələblə kifayətlənməyib, hətta qışda belə bütün qapı və pəncərələrin gecə boyu açıq qalmasını istəyib. Armstronq bunu "stosslüften”, yəni qısa müddətli şok havalandırmanın ifrat forması kimi təsvir edib. Digər üsul olan "querlüften” isə evin əks tərəflərindəki pəncərələrin açılmasını, yəni bizdə "cərəyan” adlandırılan hava axınını tələb edir.
Armstronqun "Boston terrier” cinsli iti pəncərələr açılan kimi üşüyərək yorğanın altına girirmiş. Cütlük Berlinin səs-küylü Kreuzberq rayonunda yaşadığından açıq pəncərələr tez-tez gənc qadının yuxusuz qalmasına səbəb olurmuş. Bir gecə isə pəncərədən içəri üç yarasa girib.
"Lüften münasibətimizdə ən böyük mübahisə mövzularından birinə çevrildi. Demək olar ki, hər gecə bu səbəbdən dalaşırdıq”, deyən Armstronq sonda "lüften” məcburiyyəti olmayan binaya köçdüyünü bildirib.
Elm nə deyir?
Danimarkanın Aalborq Universitetində çalışan tanınmış havalandırma mütəxəssisi Lars Qunnarsen evlərin modernləşdirilməsi və köhnə pəncərələrin hava keçirməyən yeniləri ilə əvəzlənməsi nəticəsində havalandırma ehtiyacının artdığını deyir.
O, "The Washington Post”a açıqlamasında bildirib ki, köhnə evlər əvvəlki kimi hava buraxmır və buna görə də insanların havalandırmanı özlərinin etməsi lazımdır. Qunnarsenə görə, havalandırma olmadıqda rütubət yığılıb kif yarada, karbon qazı isə halsızlıq və baş ağrısına səbəb ola bilər.
Mütəxəssis qış aylarında ən azı beş dəqiqə ərzində evin əks uclarındakı pəncərələri açaraq güclü hava axını yaratmağı tövsiyə edir. Bu zaman az enerji itirilir, amma hava dəyişir və rütubət xaric olur.
Qunnarsen vurğulayır ki, bu tövsiyələr əsasən daxili ventilyasiya sistemi olmayan evlərə aiddir. Danimarkada yeni çoxmərtəbəli binalarda havanı dəyişən mexaniki sistemlər məcburidir. ABŞ-da da bir çox evlərdə mərkəzi isitmə və kondisioner sistemləri ilə birlikdə ventilyasiya mövcuddur.
Almaniyada isə mənzillərin əksəriyyəti radiatorlarla qızdırılır, kondisioner və hava kanalları yoxdur, pəncərələr isə çox yaxşı izolyasiya edilib.
"Oksigen almaq üçün pəncərəni açmaq lazımdır”
Alman valideynlər uşaqlara tez-tez "Bura çox havasızdır” deyirlər. Bu ifadə, onun sözlərinə görə, otaqda oksigenin azaldığı anlamına gəlir və pəncərə açmaqla havanın dəyişdirilməsi vacib sayılır.
Geşe gündə üç dəfə pəncərə açmağı hədəflədiyini, qışda hər seansın beş dəqiqə, yayda isə yarım saat davam etdiyini deyir. Onun sözlərinə görə, bu, təkcə şəxsi vərdiş deyil, eyni zamanda kira müqaviləsinin tələbidir.
Kirayə müqaviləsində açıq qaydalar
Həqiqətən də Geşenin kirayə müqaviləsində "kifayət qədər lüften və uyğun isitmə”nin rahat daxili iqlim üçün əsas şərt olduğu yazılıb. Müqavilədə pəncərələrin gündə bir neçə dəfə 10–15 dəqiqə tam açılmasının zəruri olduğu qeyd olunur.
Əlavə broşürdə isə rütubət və temperatur balansı ilə bağlı detallı göstərişlər verilir. Məsələn, 1995-ci ildən əvvəl tikilmiş binalarda mebellərin xarici divarlardan ən azı 10 santimetr aralı yerləşdirilməsi tövsiyə olunur.
"Lüften”i sorğulayana sərt reaksiya
Avropalıların təmiz havaya meyli məlumdur, lakin almanların "lüften”ə bağlılığı hələ də çoxlarını təəccübləndirir. İsveçdə yaşayan Mikael Vessen alman qonaqlarının gündə bir neçə dəfə pəncərə açdığını görüb səbəbini soruşduqda kif və karbon qazından qorxduqlarını öyrəndiyini deyir.
O bildirir ki, Alman qonaqlar, hətta temperatur sıfırdan aşağı olsa belə, pəncərə açmaqda israr ediblər. Vessen bu mövzuda "Reddit”də sual verəndə isə çoxlu qəzəbli cavab alıb. Onun sözlərinə görə, Almaniyada "lüften” etməmək havanı "iyrənc” hala gətirən ciddi səhv kimi qəbul olunur.
Hava alaq, amma cərəyan olmasın
Koronavirus pandemiyası dövründə "lüften” Almaniyada daha da əhəmiyyət qazanıb. O dövrdə kansler Angela Merkel bunu virusla mübarizədə "ən ucuz və ən effektiv tədbir” adlandırıb. Federal Ətraf Mühit Nazirliyi də xüsusi bələdçi yayımlayaraq, bəzi otaqlarda pəncərələrin saatda beş dəfə açılmasını tövsiyə edib.
Eyni zamanda bələdçidə "otaqda hava axını olmamalıdır” qeydi də yer alıb. Bu isə vəziyyəti daha maraqlı edir. Almanlar cərəyan olmaqdan ən az havasızlıqdan qorxduqları qədər ehtiyat edirlər. Hətta Almancada belə bir deyim var: "Donaraq ölən çoxdur, pis qoxudan ölən isə yoxdur”.
Aydın
Şərhlər