Xəbər lenti

Proporsional sistemə dönüş niyə reallaşmır? - Hüquqşünas açıqlayır
Siyasət 19:26 24.01.2026

Proporsional sistemə dönüş niyə reallaşmır? - Hüquqşünas açıqlayır

"Yaxın perspektivdə proporsional seçki sisteminin bərpası və deputatların sayının artırılması ilə bağlı referendumun keçirilməsi ehtimalı yoxdur".

Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qumhüseyn Əlibəyli Milli Məclis deputatlarının sayının artırılması və proporsional seçki sisteminin bərpası imkanlarını şərh edərkən deyib. 

Həmsöhbətimiz bildirib ki, hər iki məsələ müxtəlif dövrlərdə dəfələrlə gündəmə gətirilib: 

"Həm Milli Məclis üzvlərinin say tərkibinin artırılması, həm də proporsional seçki sisteminin bərpası məsələsi deputatlar və digər siyasi aktorlar tərəfindən dəfələrlə qaldırılıb. Lakin hökumət bu mövzuya ciddi maraq göstərməyib. Fikrimcə, bu məsələlərin həyata keçməsi mümkün görünmür. Çünki majoritar seçki sisteminin saxlanılması daha əlverişlidir. Deputatların sayının artırılması məsələsi isə prinsipial əhəmiyyət daşımır".
 


Qulamhüseyn Əlibəyli qeyd edib ki, hüquqi baxımdan hər iki dəyişiklik mümkündür: 

"Teorik olaraq həm Milli Məclis üzvlərinin sayının artırılması, həm də proporsional seçki sisteminin bərpası mümkündür. Bunun üçün referendum keçirilməli və Konstitusiyanın müvafiq maddələrində dəyişiklik edilməlidir. Ancaq yaxın vaxtlarda belə bir referendumun baş tutması inandırıcı görünmür"

Qeyd edək ki, Milli Məclisdə təmsil olunan müxalifət partiyalarının sədrləri, eləcə də parlamentdən kənarda qalan bir neçə siyasi partiyanın rəhbərləri çedianews.az saytına verdikləri açıqlamalarda Azərbaycanda əhalinin sayının 10 milyonu keçdiyini əsas gətirərək deputatların sayının artırılmasının zəruri olduğunu bildiriblər. Onlar, eyni zamanda, parlament seçkilərinin qarışıq — majoritar və proporsional — seçki sistemi əsasında keçirilməsinin vacibliyini vurğulayıblar. 

Xatırladaq ki, bu məsələ müxtəlif dövrlərdə və müxtəlif səviyyələrdə dəfələrlə müzakirə edilib. Lakin indiyədək bu istiqamətdə hər hansı real irəliləyiş qeydə alınmayıb. 

Rüfət Sultan

--> -->