Xəbər lenti

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)
Foto 14:34 22.04.2026

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)

Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin aprelin 22-də rəsmi qarşılanma mərasimi olub.

Qaynarinfo xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Latviya Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Latviya Prezidenti Edqars Rinkeviçsi qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Latviya Prezidentinə raport verikb.

Latviya Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Edqars Rinkeviçsə, Latviya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub. 

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Prezidenti Edqars Rinkeviçsin qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.
 
***
 
Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs ilə təkbətək görüşü olub.

***
 
Azərbaycan Prezidenti İlham Əliyevin Latviya Prezidenti Edqars Rinkeviçs ilə aprelin 22-də geniş tərkibdə görüşü keçirilib.

Qaynarinfo xəbər verir ki, qonaqları salamlayan Azərbaycan Prezidenti İlham Əliyev dedi:

-Cənab Prezident.

Nümayəndə heyətinin üzvləri.

Əziz qonaqlar.

Bir daha xoş gəlmisiniz. Cənab Prezidentlə müxtəlif məsələlər ətrafında əla müzakirəmiz oldu və işimizi nümayəndə heyətləri ilə birgə davam etdiririk. Bilirəm ki, səfərdən əvvəl çox işlər görülmüşdür, o cümlədən Hökumətlərarası Komissiyanın iclası çox uğurla keçirilmişdir. Həmçinin əminəm ki, bu gün keçiriləcək biznes-forum birgə işin aparılmasına olan qarşılıqlı maraq əsasında yaxşı nəticələr verəcək.

Təbii ki, aramızda çox yaxşı siyasi əlaqələr mövcuddur. Bu gün onlar bir daha təsdiqləndi. Ticarəti və qarşılıqlı sərmayələri artırmaq, energetika, daşımalar, rəqəmsallaşma və burada Azərbaycanda fəal şəkildə təşviq etdiyimiz bütün sahələrə aid olan məsələləri həll etmək məqsədilə əməkdaşlığımıza dair praktiki məsələləri nəzərdən keçirməliyik.

Əlbəttə, biz regionumuzda siyasi hadisələri geniş şəkildə müzakirə etdik və həmin müzakirəni cənab Prezidentlə davam etdirəcəyik. Əminəm ki, nümayəndə heyətlərinin üzvləri də bu vaxtdan istifadə edərək, ikitərəfli tərəfdaşlığımızın ən mühüm məsələlərini müzakirə edəcəklər. Mən dəvətimi qəbul etdiyinə görə cənab Prezidentə olduqca minnətdaram, onu yenidən görməyimə çox şadam. O, əvvəlki vəzifəsində olarkən Bakıda dəfələrlə olub. Mən hər zaman görüşlərimizdən məmnun qalmışam. Sizə bu dəfə də Azərbaycanda xoş səfər arzu edirəm. Bir daha xoş gəlmisiniz.

X X X

Sonra Latviya Prezidenti Edqars Rinkeviçs çıxış edərək dedi:

-Çox sağ olun, cənab Prezident. Dəvətə və çox səmimi qonaqpərvərliyə görə olduqca minnətdaram.

Görüşümüz əsnasında Sizə söylədiyim kimi, Bakıya sonuncu səfərimdən, demək olar ki, 9 il ötür. O, 2017-ci ildə baş tutmuşdu. Şəhəri tanımaq olmur. Düşünürəm ki, bu vaxta qədər şahidi olduğumuz inkişaf böyük təəssürat bağışlayır. Mən Sizi və Azərbaycan xalqını həm siyasi, həm iqtisadi inkişaf, həmçinin uzun çəkən məsələnin həlli münasibətilə təbrik etmək istəyirəm.

Haqlı olaraq qeyd etdiyiniz kimi, təkbətək görüşümüzdə Yaxın Şərqdə və Avropada siyasi hadisələrə, regional təhlükəsizliyə aid bir sıra məsələləri artıq müzakirə etdik. Təsdiqləmək və bir daha vurğulamaq istədiyim məqam odur ki, Latviya Azərbaycanı strateji tərəfdaş və dost hesab edir. Siyasi və iqtisadi əməkdaşlığımızın real dəyərini görürük. Nümayəndə heyətimdən gördüyünüz kimi, hətta ikinci cərgədə də çox təmsilçilərimiz var. Nümayəndə heyətini ixtisar edə bilmirdim, çünki hamı burada olmağa, çox praktiki məsələləri müzakirə etməyə maraq göstərir. Mən, həmçinin Hökumətlərarası Komissiyanın işini alqışlamaq istəyirəm.
 
***
 
Aprelin 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçs mətbuata bəyanatlarla çıxış ediblər.


--> -->