Xəbər lenti

Hörmüz gərginliyi artır: Ərəb monarxiyalarını nə narahat edir? (ŞƏRH)
Dünya 12:38 22.04.2026

Hörmüz gərginliyi artır: Ərəb monarxiyalarını nə narahat edir? (ŞƏRH)

Rusiya siyasi elitasının son açıqlamaları və ABŞ-İran dialoqunda prioritetlərin dəyişməsi Fars körfəzi monarxiyalarında ciddi narahatlıq yaradıb. Regional ölkələr Vaşinqton və Tehran arasında mümkün razılaşmanın ərəb dövlətlərinin təhlükəsizlik maraqlarını yetərincə nəzərə almamasından ehtiyatlanırlar.

"Reuters"in təhlillərində bildirilir ki, hazırkı diplomatik prosesdə əsas diqqət İranın nüvə proqramı və Hörmüz boğazı ətrafında cəmlənib.  Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Hörmüz boğazının qlobal enerji ticarətində strateji rolunu vurğulayaraq onu geosiyasi təzyiq aləti kimi dəyərləndirib. 

İran rəsmiləri də boğazı ölkənin ən mühüm strateji aktivlərindən biri kimi təqdim edirlər. Körfəz ölkələrindəki analitiklərin fikrincə, mövcud danışıqlar formatı uzunmüddətli sabitlikdən daha çox "idarə olunan gərginlik” modelinə bənzəyir.

Onlar hesab edirlər ki, İranın raket proqramı və regional proksi qüvvələr məsələsi danışıqlarda arxa plana keçib, əsas fokus isə enerji və nüvə dosyesi üzərindədir. 

Ərəb dövlətləri isə Vaşinqtondan daha sərt və mərhələli yanaşma tələb edərək yalnız icrası yoxlanıla bilən razılaşmanın real təhlükəsizlik təminatı verə biləcəyini bildirirlər. 

Siyasi şərhçi Azər Rəşidoğlu Qaynarinfo-ya açıqlamasında bildirib ki, ABŞ-İran danışıqlarının mövcud istiqaməti region ölkələrində etimadsızlığı artırır və Körfəz dövlətlərinin prosesdən kənarda qalması onlarda narahatlıq doğurur:
 


"Hörmüz boğazı ətrafında formalaşan geosiyasi rəqabət yaxın perspektivdə yalnız regional güc balansını deyil, bütövlükdə qlobal enerji təhlükəsizliyi arxitekturasını daha da həssas vəziyyətə salacaq. Bu keçid nöqtəsində hər hansı gərginlik, hətta lokal xarakterli insident belə, neft və qaz bazarlarında zəncirvari reaksiyalara səbəb ola bilər. Nəticədə enerji qiymətlərinin sabitliyi, təchizat zəncirlərinin dayanıqlığı və böyük iqtisadiyyatların enerji asılılığı məsələsi daha kəskin şəkildə gündəmə gələ bilər".

Qeyd edək ki, "Reuters"in təhlilinə görə, ərəb monarxiyalarının diplomatik korpusu Vaşinqtonun birtərəfli yanaşmasından getdikcə daha çox məyusluq ifadə edir. Regional liderlər Ağ Evdən sanksiyaların dərhal ləğvindən imtina etməyi və Tehranın atdığı hər bir addımın praktikada təsdiqlənəcəyi mərhələli yanaşmaya keçməyi israrla xahiş edirlər. 

"Reuters"in qənaətinə görə, Donald Trampın bölgədəki hərəkətlərindən məyusluq artıq gizli deyil. Körfəz dövlətləri israr edirlər ki, raket təhdidini və proksi qrupların təsirini nəzərə almayan hər hansı bir razılaşma sülh gətirməyəcək, əksinə, qlobal neft ticarəti ilə bağlı narahatlıq adı altında İrana regionda sabitliyi pozmağa şərait yaradacaq.

Siyasət şöbəsi
--> -->