Son günlərdə Xəzər dənizinin Qazaxıstan sahillərində 200-dən çox suiti cəsədi aşkarlanıb. Xəzərin Qazaxıstan sahilləri ilə yanaşı, suiti cəsədlərinə Pirşağı çimərliyində də rast gəlinib.
Qaynarinfo-nun Trend-ə istinadən verdiyi məlumata görə, Qızılqum çimərliyində dörd suiti cəsədinə rast gəlib.
"Davamlı inkişafda mavi texnologiyalar Mərkəzi”nin direktoru, professor Mehman Axundov mövzu ilə bağlı Trend-ə açıqlamasında bildirib ki, bu, mövsümi xarakter daşıyan prosesdir və adətən, payız aylarının sonunda və yaz aylarında müşahidə olunur:
"Cəsədlər, adətən, Abşeronun şimal hissəsində aşkarlanır. Bu isə küləklərlə bağlı olur. Abşeron Xəzər dənizinə daxil olduğu üçün şimaldan gələn dəniz axınları bu cəsədləri Abşeronun şimal sahillərinə gətirib çıxarır. Mərdəkan, Novxanı, Pirşağı istiqamətlərində biz bu halları müşahidə edə bilirik”.
O əlavə edib ki, Xəzər suitisi dünyada ən kiçik suiti növüdür:
"Onların öz biologiyası var. Onlar çoxalma üçün Xəzərin şimalına üz tutur, balalama dövründən sonra oradan cənuba qayıdırlar. Onlar Orta Xəzərdən, Qazaxıstan və Rusiyanın sularından keçirlər. Bu zaman aylarla qidalanmır, bu zaman da zəifləyirlər. Zəif suitilər yolda tələf olurlar. Təqribi 800-1000 kilometrlik yolda zəifləyən suitilərin tələf olması normaldır. Ovçuların onları öldürməsi ayrı məsələ, amma eyni zamanda, hər bir canlının təbii ölümü var. Qocalıq, zəiflik, aclıq, xəstəlik bioloji ölümə səbəb ola bilir”.
Şərhlər