Xəbər lenti

Niyə qadınlar kişilərdən daha uzun yaşayır?
Sağlamlıq 09:07 09.10.2025

Niyə qadınlar kişilərdən daha uzun yaşayır?

Əsrlərdir davam edən bir həqiqət var: orta göstəricilərə görə, qadınlar kişilərdən daha uzunömürlü olur. Bu, yalnız insanlara aid xüsusiyyət deyil. Yeni elmi araşdırma göstərir ki, məməlilərin böyük əksəriyyətində də bu həyat müddəti fərqi müşahidə olunur. Lakin səbəblər təkcə genetika ilə məhdudlaşmır.

Qayanrinfo xəbər verir ki, "Our World in Data" məlumatlarına əsasən, hazırda dünyada qadınların orta ömür müddəti 73,8 il, kişilərin isə 68,4 ildir. Rəqəmlər illər ərzində dəyişsə də, qadınların daha uzun yaşaması tendensiyası sabit şəkildə davam edir. Bu meyl məməlilərin 72 faizində dişilərin daha çox yaşadığı heyvanlar aləmində də özünü göstərir. Bununla belə, bəzi quş, sürünən və həşərat növlərində kişilərin daha uzun yaşadığı məlumdur.

Beynəlxalq tədqiqat qrupu bu fərqin əsas səbəblərindən birinin heterogametik cinsiyyət nəzəriyyəsi ilə bağlı olduğunu bildirir. Kişilərdə bir X və bir Y xromosomu olduğu halda, qadınlarda iki X xromosomu mövcuddur. Alimlərin fikrincə, iki X xromosomu zərərli genetik mutasiyalara qarşı əlavə qoruma təmin edir. Tədqiqatçılardan Dr. Yohanna Stark deyir: "Əslində eyni genin iki nüsxəsinə sahib olmaq, birinə sahib olmaqdan daha yaxşıdır".

Bu vəziyyət bioloji üstünlük yaradır. Y xromosomundakı uzun və təkrarlanan DNT ardıcıllıqlarının isə bəzi mənfi təsirlərə səbəb ola biləcəyi düşünülür.

Təkamül və cinsi seçilmə

Araşdırma göstərir ki, genetik amillərlə yanaşı, təkamül prosesləri də bu fərqdə mühüm rol oynayır. Cütləşmə imkanı uğrunda kişilər arasında gedən rəqabət bu amillərin başlıcasıdır. Heyvanlar aləmində erkəklər dişiləri cəlb etmək üçün rəngli tük quruluşu, səslər və ya marallardakı kimi iri buynuzlar kimi xüsusiyyətlər inkişaf etdirirlər. Lakin bu cəlbedici xüsusiyyətlərin yaranması və qorunması bəzən ömür uzunluğu hesabına başa gəlir. Bundan başqa, cütləşmə uğrunda döyüşlərə tez-tez girmələri də kişilərin həyat müddətinə mənfi təsir göstərir.

Tədqiqatın digər vacib nəticəsi valideynlik davranışları ilə bağlıdır. Alimlər müşahidə ediblər ki, balalarına daha çox qayğı göstərən cinsiyyət daha uzun yaşayır. Məməlilərdə adətən bu rolu dişilər yerinə yetirdiyindən, bu, onların sağ qalma ehtimalını artırmış ola bilər. Quşlarda isə vəziyyət fərqlidir: növlərin təxminən 68 faizində kişilərin daha uzun yaşadığı müşahidə olunub. Bu, bəzi quş növlərində bala baxımını erkəklərin həyata keçirməsi ilə əlaqələndirilir.

Zoopark məlumatları nəyi göstərdi?

Tədqiqat dünyanın müxtəlif zooparklardan toplanmış 528 məməli və 648 quş növünə aid məlumatlar əsasında aparılıb. Bu yanaşmanın üstünlüyü, təbii mühitdəki yırtıcılar, xəstəliklər və iqlim kimi amillərin təsirini aradan qaldırmasıdır. Bu amillər aradan qaldırılsa da, cinslər arasındakı ömür fərqlərinin davam etdiyi, sadəcə bir qədər azaldığı müşahidə olunub. Bu da göstərir ki, əsas səbəblər genetik və təkamül prosesləridir, ekoloji şərait deyil.

"Science Advances" jurnalında dərc edilən bu araşdırma, həyat müddətindəki cinsiyyət fərqlərinin bioloji və təkamül köklərini üzə çıxarır. Lakin alimlər bildirirlər ki, sosial və davranış amilləri də bu fərqə təsir göstərə bilər və bu mövzuda daha geniş tədqiqatlar aparılmalıdır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->