Xəbər lenti

Neftin qiymətləri Rusiya və Ukrayna arasında atəşkəs perspektivi fonunda düşür
Dünya 15:44 24.03.2025

Neftin qiymətləri Rusiya və Ukrayna arasında atəşkəs perspektivi fonunda düşür

Bazar ertəsi neftin qiymətləri düşüb, çünki investorlar Rusiya ilə Ukrayna arasında atəşkəs perspektivini qiymətləndirir. Bu, Rusiya neftinin dünya bazarlarına tədarükünün artmasına səbəb ola bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Brent markalı neftin fyuçersləri 25 sent (0,4%) ucuzlaşaraq bir barel üçün 71,91 dollar olub. Amerika WTI markalı neftinin qiyməti isə 20 sent (0,3%) azalaraq 68,08 dollar təşkil edib.
Hər iki əsas neft göstəricisi cümə günü bahalaşıb və ardıcıl ikinci həftəni müsbət nəticə ilə başa vurub. Buna ABŞ-ın İrana qarşı yeni sanksiyalar tətbiq etməsi və OPEC+ ölkələrinin hasilat planını açıqlaması səbəb olub ki, bu da bazarda təchizat çatışmazlığı gözləntilərini artırıb.

Bazar ertəsi ABŞ nümayəndə heyəti Rusiya rəsmiləri ilə görüş keçirəcək və Qara dənizdə atəşkəs, həmçinin Ukraynada döyüşlərin geniş miqyasda dayandırılması imkanlarını müzakirə edəcək. Bundan əvvəl onlar ukraynalı diplomatlarla danışıqlar aparıblar.

Fujitomi Securities analitiki Toşitaka Tadzava bildirib ki, "Rusiya və Ukrayna arasında sülh danışıqlarında irəliləyiş gözləntiləri, eləcə də ABŞ-ın Rusiya neftinə qarşı sanksiyalarının yumşaldılması ehtimalı qiymətlərə təzyiq göstərir”.
O əlavə edib ki, investorlar aprel ayından sonra OPEC+ hasilat siyasətini təhlil etdikləri üçün iri həcmli əməliyyatlardan çəkinirlər.

Cümə axşamı OPEC+ təşkilatı yeddi üzv ölkə üçün hasilatın azaldılmasına dair yeni cədvəl açıqlayıb. Bu qərar onların kvotaları aşmasını kompensasiya etməli və gələn ay planlaşdırılan hasilat artımını üstələməlidir.

IG analitiki Yep Cun Ronq hesab edir ki, "Ukrayna və Rusiya arasında atəşkəs danışıqları münaqişənin həlli halında Rusiya ixracının artma ehtimalını yüksəldir. Eyni zamanda, OPEC+ hasilatı artıq apreldə artırmaq niyyətindədir ki, bu da tələbat faktorları səbəbindən bazarın tam absorbsiya edə bilməyəcəyi əlavə təklif deməkdir”.

OPEC+ 2022-ci ildən bazarı tənzimləmək məqsədilə hasilatı gündə 5,85 milyon barel (qlobal təklifin təxminən 5,7%-i) azaltmaq siyasətini həyata keçirir.

3 martda təşkilat aprel ayından etibarən səkkiz üzv ölkənin hasilatı hər ay 138 min barel artıracağını təsdiqləyib və bunu bazar şərtlərinin yaxşılaşması ilə izah edib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->