Xəbər lenti

NASA kosmik batareyaları enerji ilə təmin etmək üçün nüvə tullantılarından istifadə edəcək
Texnologiya 16:27 05.10.2025

NASA kosmik batareyaları enerji ilə təmin etmək üçün nüvə tullantılarından istifadə edəcək

ABŞ-ın "Zeno Power" şirkəti kosmik batareyaları enerji ilə təmin etmək üçün yeni növ nüvə tullantılarından istifadə etməyi planlaşdırır. 

Qaynarinfo xəbər verir ki, "Interesting Engineering" portalının məlumatına görə, şirkət bunun üçün amerisium-241 (Am-241) izotopundan istifadə edəcək.

Amerisium-241 "Zeno"nun istehsal etdiyi radioizotop enerji sistemlərini (RES) qidalandıracaq. Şirkət hazırda NASA üçün amerisium yanacağı ilə işləyən RES qurğuları hazırlayır. Bu batareyalar Ay səthində fəaliyyət göstərəcək ay gəzənləri, eniş modullarını və infrastruktur obyektlərini enerji ilə təmin edəcək. Onlar ay gecəsini və daimi kölgədə qalan bölgələri enerji itkisinə məruz qalmadan keçməyə imkan verəcək.

İzotopların tədarükünü Fransanın atom sənayesi şirkəti "Orano" həyata keçirəcək. "Orano" amerisium-241-i işlənmiş nüvə yanacağının təkrar emalı zamanı əldə etməyi planlaşdırır. "Zeno Power" və "Orano" artıq bu barədə razılaşma imzalayıblar.

Razılaşmaya əsasən, "Zeno" Normandiyanın La-Aq şəhərində yerləşən "Orano"nun emal zavodundan amerisium-241 almaq üçün çoxmilyonluq sərmayə yatıracaq və bu izotopun böyük miqdarına prioritet çıxış əldə edəcək.

İndiyə qədər kosmik radioizotop enerji sistemləri əsasən plutonium-238 (Pu-238) izotopundan yanacaq kimi istifadə edib. Lakin bu izotopun qlobal ehtiyatlarının məhdudluğu və etibarlı kosmik enerji mənbələrinə artan tələbat yeni alternativlərin axtarışını sürətləndirib.

Amerisium-241 uzunmüddətli kosmik nüvə enerjisi üçün yanacaq çeşidlərini genişləndirir. "Zeno Power" hazırda NASA üçün amerisium əsasında işləyən yeni tipli enerji sistemi üzərində işləyir ki, bu sistem gələcək ay missiyalarında istifadə olunacaq.

Şirkətin bəyanatında deyilir: "Kosmik missiyalar üçün amerisium-241 və dəniz, eləcə də yerüstü tətbiqlər üçün stronsium-90 izotoplarının birləşdirilməsi, nüvə batareyələrinin dərin dənizdən tutmuş dərin kosmosa qədər fəaliyyətini mümkün edəcək".

Amerisium-241 kosmik enerji sistemləri üçün cəlbedici yanacaq sayılır, çünki onun yarımparçalanma dövrü 430 ildən çoxdur. Bu, qurğulara onilliklər boyu fasiləsiz işləmək imkanı verir. Amerisium işlənmiş nüvə yanacağında mövcud olan digər izotopların dağılması nəticəsində əmələ gəlir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->