Oktyabrın 13-də Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi sənədlərin elan olunması ilə davam etdirilir.
AZƏRTAC xəbər verir ki, məhkəmədə müxtəlif sənədlərlə yanaşı, Ermənistan silahlı qüvvələrinə məxsus bir sıra məxfi sənədlər elan olunub. Həmin sənədlərin hər birinin fotoşəkiləri də məhkəmədə nümayiş etdirilib. Sənədlərlə sübut olunur ki, Ermənistan silahlı qüvvələrinin müxtəlif strukturlarına, habelə qondarma qurumun "ordusuna” (Ermənistan silahlı qüvələrinin ən böyük silahlı birləşməsinə - red.) Azərbaycanın vaxtilə işğal altında olmuş ərazilərində icra edilməsi məqsədilə müxtəlif hərbi tapşırıqlar verilib.
Məsələn, Ermənistan Respublikası silahlı qüvvələrinin baş qərargah rəisi, general-polkovnik Yuri Xaçaturovun 04.05.2016-cı il tarixli, 0119 nömrəli məxfi əmrindən - döyüş tapşırığından görünür ki, qondarma qurumun "ordusunun komandirinə” "6-cı müdafiə rayonu”nun tank əleyhinə çuxur və çuxur yollarının torpaq qatlarını təchiz etmək və aralıq səngər və müdafiə xətti kimi istifadə etmək, "9-cu müdafiə rayonu”nun tank əleyhinə çuxur və çuxur yollarını bir-biri ilə mütləq şəkildə birləşdirmək və bütünləşdirmək, döyüş düzülüşündə olan vasitələri maskalamaq tapşırılıb.
Məhkəmədə Ermənistan Respublikası silahlı qüvvələrinin baş qərargah rəisi, general-leytenant Movses Akopyanın və silahlı qüvvələrin Baş Qərargahının Kəşfiyyat idarəsinin rəisi, polkovnik V.Sarqsyanın Yerevan şəhərində tərtib olunmuş 24.12.2016-cı il tarixli, 016 nömrəli birgə məxfi əmri - döyüş tapşırığı da açıqlanıb və sənədin fotosu nümayiş etdirilib. Məxfi sənəddən görünür ki, qondarma qurumun "ordusunun” şimal-şərq istiqamətində ərazinin incələnməsi və radioelektron kəşfiyyat (REK) bölmələrinin mövqe rayonunun seçilməsi məqsədi ilə 2017-ci il yanvarın 10-14-də 24-cü Xüsusi Təyinatlı Əlahiddə Radiotexniki Alayının işçi qrupunun Yerevan-Xankəndi-Ağdərə-Suqovuşan-Xankəndi-Yerevan marşrutu üzrə səfərinin təşkil edilməsi, həmin əmrin icrasına nəzarət isə Ermənistan Respublikası silahlı qüvvələrinin Baş Qərargahının Kəşfiyyat idarəsinin rəisinə tapşırılıb.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Şərhlər