Xəbər lenti

Siyasət 16:21 13.10.2025

"Azərbaycanım sülh sammitində iştirakı ölkəmiz üçün qürurverici hadisədir" (ŞƏRH)

"Sammitdə Qəzzanın yenidən qurulması, donor ölkələrin bu prosesə dəstək verməsi, əhalinin geri qaytarılması, atəşkəsə nail olunması, HƏMAS-ın silahları təhvil verməsi, Fələstinə humanitar yardımların göstərilməsi kimi məsələlər müzakirə olunacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elşad Həsənov Misirdə keçirilən Yaxın Şərq Sülh Sammiti barədə danışarkən deyib.

Ekspert bildirib ki, Misirdə keçirilən Yaxın Şərq Sülh Sammitinə Azərbaycan Prezidenti İlham Əliyevin də dəvət olunması ölkəmiz üçün qürurverici hadisədir:
 


"Bu, böyük, vacib sammit dünyada sevinclə qarşılanır. Ona görə də dünyanın diqqəti bu sammitə fokuslanıb. Yaxın Şərqdə müharibənin dayandırılmasında ABŞ prezidenti Donald  Trampın böyük əməyi, dəstəyi olub. İki il davam edən müharibədən sonra sülhə nail olunması çətin idi. Lakin Tramp Türkiyə Prezidentinin, Misir, BƏƏ, Qətər rəhbərlərinin ciddi səyləri nəticəsində buna nail oldu. Sammitdə Qəzzanın yenidən qurulması, donor ölkələrin bu prosesə dəstək verməsi, əhalinin geri qaytarılması, atəşkəsə nail olunması, HƏMAS-ın silahları təhvil verməsi, Fələstinə humanitar yardımların göstərilməsi kimi məsələlər müzakirə olunacaq. Qəzzanın idarəedilməsi isə Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyerin rəhbərliyi altında qrupa həvalə ediləcək".

Ekspertin fikrincə, Fələstinin dövlətinin yaranması məsələsi isə sammitin gündəmində olmayacaq:

"Bu məsələ sammitdə qaldırılmayacaq. Çünki ABŞ bunu istəmir. Belə vəziyyət isə gələcəkdə münaqişələrin yenidən alovlnmasına gətirib  çıxara bilər".

Politoloq Taleh Əliyev isə düşünür ki, sülh sammiti qanlı münaqişəyə son qoysa da, daimi sülhə gətirib çıxarmayacaq: 
 


"Misirdə keçirilən sammit qanlı münaqişəyə son qoyacaq. Sammitin geniş miqyasda təşkili, öncədən müəyyənləşmiş gündəlik əsasında  keçirilməsi müsbət gözləntilər üçün ümidlər yaradır. Amma bölgənin gələcəyilə bağlı baxışların fərqli olaraq qalması fonunda əldə olunacaq sülhün nə dərəcədə uğurlu və uzunmüddətli olacağına da müəyyən şübhələr yaranır. 30 il düşmən vəziyyətində olan Azərbaycanla Ermənistanda da bu gün artıq gələcəklə bağlı sülh şəraitində yaşamaq dünyagörüşü hakimdir. Yaxın Şərqdə isə hələlik belə bir situasiya yaranmayıb. Ona görə də sülh  sammitinin hansı səviyyədə keçirilməsindən asılı olmayaraq tədbir hələlik daimi sülhün olacağı qənaətini yaratmır. Bunun üçün ilk növbədə dünyagörüşləri dəyişməli, birgəyaşayış   dünyagörüşü yaranmalıdır".

Qeyd edək ki, bu  gün Misirdə, Şarm əl-Şeyx şəhərində Yaxın Şərq Sülh Sammiti keçirilir. Bu sammitdə dünyanın bir sıra ölkələrinin dövlət  və hökumət başçıları iştirak edəcək. Onlar arasında Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da var. Tədbirdə həmçinin ABŞ, Misir, İordaniya,  Qətər, Fələstin, Bəhreyn, İndoneziya, Fransa, Böyük Britaniya, İspaniya, Hindistan, Pakistan, Almaniya, İraq, İtaliya, Yunanıstan, Macarıstan, Kanada, Norvec, BƏƏ, Küveyt, Ermənistan, Oman, Yaponiya, BMT, Ərəb Liqası, Avropa Şurası da təmsil olunub. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->