G7 Rusiyanın neft ixracına təzyiqi maksimum dərəcədə artırmağı planlaşdırır. Bu addım Moskvanın gəlirlərini ildə 80 milyard dollar azalda bilər ki, bu da Kreml iqtisadiyyatına ciddi zərbə vuracaq.
Qaynarinfo xəbər verir ki, "Reuters"in şərhçisi Hüqo Dikonun yazdığına görə, digər istehsalçılar hasilatı artırmasa, Rusiya neftinin ixracına qoyulacaq məhdudiyyətlər əks nəticə verə bilər. Əks halda, təklifin azalması dünya bazarında neftin qiymətinin artmasına və Qərb iqtisadiyyatlarına zərər vurmasına gətirib çıxaracaq. Belə vəziyyətdə Rusiyanın gəlirləri də azalmaq əvəzinə, yüksək qiymətlər sayəsində kompensasiya oluna bilər.
Bu səbəbdən G7 xüsusilə Fars körfəzi ölkələrini neft hasilatını artırmağa, həmçinin Moskvanın əsas müştərilərindən – o cümlədən Hindistanı – Rusiyadan daha az neft almağa inandırmalıdır.
İlkin mərhələ Ər-Riyad və Əbu-Dabiyə əlavə hasilatla daha çox gəlir əldə edə biləcəklərini göstərməkdən ibarətdir. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, Səudiyyə Ərəbistanı hasilatı gündə 2,43 milyon barel, Birləşmiş Ərəb Əmirlikləri isə 0,85 milyon barel artıra bilər.
Lakin təklifin bu qədər artması neftin qiymətinə təzyiq göstərəcək. Nəticədə Fars körfəzi ölkələri artan hasilatdan qazandıqlarından çox itirə bilərlər. Buna görə G7 ölkələri onları inandırmalıdır ki, neftin qiyməti kəskin enməyəcək. Bunun üçün bazardan Səudiyyə Ərəbistanı və BƏƏ-nin əlavə təklifi qədər Rusiya neftinin çıxarılması lazımdır.
Fars körfəzi razılaşması yalnız Hindistan və Türkiyə razılaşması ilə müşayiət olunduğu halda işlək ola bilər. Çin Rusiya neftinin ən böyük alıcısı olsa da, Pekinlə Moskva arasındakı münasibətlər fonunda G7-nin bu ticarəti dayandırmaq cəhdləri nəticə verməyəcək.
Buna görə daha real istiqamət Dehli və Ankara ilə əməkdaşlıqdır. Ukraynanın "KSE" institutunun məlumatına görə, son aylarda Hindistan Rusiyadan gündə təxminən 1,9 milyon barel, Türkiyə isə 0,9 milyon barel xam neft və neft məhsulları idxal edib. G7 ölkələri bu ölkələrə göstərməlidir ki, Fars körfəzi ölkələrindən daha çox, Rusiyadan isə daha az alaraq da qazana bilərlər. Bunun üçün onlara "qara qızıl"a münasibətdə yaxşı endirim təklif olunmalıdır.
Bundan başqa, Avropa İttifaqı Rusiyadan gündəlik qalan 0,2 milyon barel neft idxalını da dayandırmalıdır.
Aydın
Şərhlər