Rusiya Ukrayna ərazisində sülhməramlı qüvvələrin mövcudluğu məsələsində söz sahibi deyil.
Qaynarinfo xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron 15 martda Böyük Britaniyanın baş naziri Kir Starmerin təşkil etdiyi "İstəkli Koalisiya" sammitindən əvvəl Le Parisien qəzetinə müsahibəsində
deyib.
"Ukrayna suveren dövlətdir və əgər o, müttəfiq qoşunların öz ərazisində olmasını istəyirsə, bu, Rusiyanın onları qəbul edib-etməməsi ilə bağlı məsələ deyil", – Makron bildirib.
Fransa lideri, həmçinin, Böyük Britaniya və Fransanın sülh planına toxunub. Onun sözlərinə görə, sənəd üzərində iş demək olar ki, başa çatıb və daha sonra ABŞ-a təqdim olunacaq. Makron vurğulayıb ki, məqsəd "böyük ordular" yaratmaq deyil, çünki Avropanın ən böyük ordusu Ukrayna Silahlı Qüvvələridir.
"Söhbət hər ölkədən bir neçə min hərbçinin əsas nöqtələrə yerləşdirilməsindən gedir. Onlar orada təlim proqramları həyata keçirəcək və bizim uzunmüddətli dəstəyimizi nümayiş etdirəcəklər", – deyə o əlavə edib.
Bir sıra ölkələr Ukraynada sülhün qorunması üçün öz sülhməramlılarını göndərməyə hazır olduqlarını bildiriblər. Xüsusilə, Danimarka belə bir addım atmağa hazır olduğunu bəyan edib.
Bununla yanaşı, Almaniyanın Rheinmetall müdafiə konserni də Ukraynada mümkün beynəlxalq sülhməramlı missiyanı dəstəkləyəcəyini açıqlayıb. Konsernin baş direktoru Armin Papperger bildirib ki, Rheinmetall sülhməramlıların silahlandırılması üçün öz məhsullarını təklif etməyə hazırdır.
Rusiya isə artıq Ukrayna ərazisində xarici qoşunların yerləşdirilməsinin yolverilməz olduğunu bəyan edib. Moskva belə bir addımın "münaqişəyə birbaşa müdaxilə" kimi qiymətləndiriləcəyini bildirir.
Alpər
Şərhlər