"Putinin bu zəngi mövcud gərginliyi aradan qaldırmaq üçün atılan addımlardan biridir".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Elçin Şıxlı Rusiya prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevə telefon zəngini şərh edərkən deyib.
"Münasibətlər gərgindir. Putinin zəngi isə bu gərginliyi aradan qaldırmaq üçün atılan addımlardan biridir. Düşünürəm ki, gərginliyi davam etdirmək diplomatik və ölkənin təhlükəsizliyi baxımından düzgün deyil. Çünki hələ ABŞ prezidenti Donald Trampın nə istədiyi sonadək bəlli deyil", deyə Elçin Şıxlı bildirib.
Ona görə də həmsöhbətimizin fikrincə, birdən-birə hamı ilə gərgin vəziyyətdə yaşamaq lazım deyil:
"Bu səbəbdən düşünürəm ki, Putinin İlham Əliyevə zəngi gərginliyi aradan qaldırmaq üçün atılan addımlardan biridir. Belə vəziyyətdə gərginliyi tam aradan qaldırmaq üçün növbəti addımların atılması da mümkün variantlardandır. Tramp adminstrasiyası husilərin mövqelərini bombalayır. İrana da ultimatum verir. Digər tərəfdən də Rusiya ilə yaxınlaşır. Bütün bunları nəzərə alaraq düzgün addım atmaq lazımdır".
Qeyd edək ki, Prezidentin Mətbuat Xidmətinin yaydığı məlumata görə, martın 15-də Moskvada qeyri-rəsmi görüş keçirən Rusiya prezidenti Vladimir Putin, Belarus prezidenti Aleksandr Lukaşenko və Tacikistan prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə zəng ediblər.
Səmimi və dostluq mühitində keçirilmiş telefon söhbəti zamanı Azərbaycan və Rusiya dövlət başçıları dövlətlərarası münasibətlərin gələcək inkişafına dair fikir mübadiləsi aparıblar. Putin İlham Əliyevi II Dünya müharibəsində qələbənin 80 illiyi ilə bağlı Moskvada keçiriləcək təntənəli tədbirlərə dəvət edib. Prezident İlham Əliyev dəvətə görə minnətdarlığını bildirib.
Xatırladaq ki, keçən ilin dekabrın sonlarında Qroznı səmasında kənar müdaxiləyə məruz qalan AZAL-a məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya düşməsi nəticəsində Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub. Bu hadisə ilə bağlı Rusiya tərəfi hələ də Azərbaycanın tələblərini yerinə yetirməkdən yayınır.
Rüfət Sultan
Şərhlər