Macarıstanda hakimiyyət dəyişikliyindən sonra media sahəsində ciddi islahatların aparılması planlaşdırılır.
Qaynarinfo-nun "Avropa Pravda”ya istinadən məlumatına görə, ölkənin gələcək baş naziri Peter Macar dövlət mediasının yayımını dayandıracağını və mətbuat azadlığını təmin edəcək yeni media islahatları hazırlayacağını açıqlayıb. O, bu fikirləri "Radio Kossuth”a müsahibəsində səsləndirib.
"Tisa” Partiyasının lideri bildirib ki, son bir il yarım ərzində ilk dəfə hökumətin nəzarətində olan dövlət mediasında çıxış edir. O vurğulayıb ki, hökumət formalaşdıqdan sonra dövlət mediasının fəaliyyəti dayandırılacaq.
Macarın sözlərinə görə, seçki kampaniyası dövründə dövlət mediası "ciddi zərər vurub” və hər bir Macarıstan vətəndaşı "reallığı əks etdirən media”ya layiqdir. O, hakimiyyətə yaxın media qurumlarını "yalan fabriki” adlandırıb.
Müsahibə zamanı aparıcının onun sözünü kəsməyə çalışmasına cavab olaraq siyasətçi bildirib: "Mən bu cümləni demək üçün bir il yarımdır gözləyirəm, icazə verin fikrimi tamamlayım”.
Onun fikrincə, dövlət mediası ən azı qismən müstəqil olmalı idi, lakin "artıq bunun əhəmiyyəti qalmayıb”.
Bununla yanaşı, Avropa Komissiyasının Peter Macar ilə dərhal danışıqlara başladığı bildirilir. Brüssel Budapeşti Ukrayna ilə münasibətləri yaxşılaşdırmağa və uzun müddətdir gözlənilən islahatlara başlamağa çağırır. Məqsəd isə Avropa İttifaqı tərəfindən dondurulmuş 35 milyard avro vəsaitin açılmasıdır.
Qeyd olunur ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen də Macarla bu məsələ ətrafında müzakirə aparıb.
Parlament seçkilərində qələbə qazanan Macar daha əvvəl bəyan edib ki, Macarıstan yenidən Avropa İttifaqı və NATO üçün etibarlı tərəfdaşa çevriləcək.
Günay
Şərhlər