(Yazı "diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi" mövzusu üzrə hazırlanıb)
Azərbaycanın 44 günlük müharibədə şanlı qələbəsindən sonra qarşıda duran başlıca vəzifələrdən biri ölkəmizin mövqeyinin daha geniş miqyasda dünya ictimaiyyətinə çatdırılması və Ermənistanın yalançı təbliğatının ifşa olunmasına nail olmaqdan ibarətdir.
Bu istiqamətdə dövlətlə yanaşı, ictimai təşkilatlar, ümumiyyətlə, bütöv cəmiyyət də fəal olmalı, düşmənin saxta təbliğatının darmadağın edilməsinə töhfə verməlidirlər. Bu mənada 44 günlük müharibədən sonra Azərbaycanın diaspor təşkilatları, lobbisinin də üzərinə mühüm vəzifələr düşür.
Heç kimə sirr deyil ki, son zamanlar Ermənistan, onun xaricdəki diasporu və onlara havadarlıq edənlər Azərbaycana qarşı genişmiqyaslı təbliğat kampaniyasına start veriblər. Azərbaycanın Laçın keçid məntəqəsini bağlaması və Qarabağ ermənilərinə humanitar yardımın Ağdam-Xankəndi yolu ilə həyata keçirilməsinə yaşıl işıq yandırması fonunda, bu fürsətdən yararlanmaq əvəzinə, İrəvan və separatçılar indi də guya humanitar fəlakətlə üz-üzə qaldıqları barədə yalanlar uydururlar. Bu fonda onlar hətta beynəlxalq təşkilatları da müəyyən qədər aldatmağa nail oldular. Bu günlərdə məhz ermənilərin fitnəsinə uyaraq BMT Təhlükəsizlik Şurası yalançı "humanitar böhran” məsələsini gündəmə gətirib. Düzdür, Azərbaycan dövlətinin fəal siyasəti nəticəsində BMT TŞ məsələ ilə bağlı qərar qəbul etməyib. Bununla belə proses ondan xəbər verir ki, erməni diaspor təşkilatları və lobbisi sözügedən istiqamətlərdə öz fəaliyyətlərini gücləndirib. Aydındır ki, Azərbaycan dövləti tutarlı və kəskin cavablarla ermənilərin bu kimi çirkin niyyətlərinin baş tutmasının qarşısını alır. Amma bu istiqamətdə bütöv cəmiyyət, xüsusən də xaricdəki Azərbaycan diaspor təşkilatları və lobbisinin də daha geniş müstəvidə aktivlik göstərməsi vacibdir.
Qaynarinfo-ya açıqlamasında Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev deyib:
"İkinci Qarabağ savaşından sonra erməni lobbisi və diasporu daha da aktivləşib və azğınlaşıb. Bu da ermənilərin özlərilə bağlı uydurduqları saxta miflərin fiaskoya uğraması ilə bağlıdır. Erməni miflərinin fiaskoya uğramasında isə başlıca rolu Azərbaycan Prezidenti İlham Əliyevin apardığı doğru xarici siyasət kursu oynayıb. Məhz ölkə Prezidentinin yürütdüyü siyasətin nəticəsi olaraq ermənilərin dünya miqyasında illərlə apardıqları antitürk və anti-Azərbaycan təbliğatı dağıdıldı.
Bu yöndə lazımdır ki, diaspor təşkilatlarımız da aktiv fəaliyyət göstərsinlər. Onlar da bu istiqamətdə müəyyən işlər görüblər. Bu müddət ərzində dünyanın bir sıra şəhərlərində yürüşlər keçirilib. Ölkə parlamentlərinə məktublar yazılıb. Ancaq erməni yalanlarının puç edilməsi istiqamətində diasporumuzun gördüyü işlər çox azdır. Halbuki daha çox iş görə bilərdilər. Anlamalıyıq ki, indi müharibəyə qədər görülən işlərdən daha çox iş görməli, daha səylə çalışmalıyıq.
Amma təəəssüf ki, Azərbaycan diaspor təşkilatları və lobbi nümayəndələri yenə də əvvəlki tək görülən işlərin arxasınca qaçmaqda davam edir. Onlar əksinə, bu işləri qabaqlamalı, öndə getməlidirlər. Lakin müharibədən sonra erməni uydurmalarının darmadağın edilməsi üçün, yenə də təəssüflə qeyd etməliyəm ki, diaspor təşkilatlarımız tərəfindən diqqət cəlb edəcək hər hansı bir mühüm addım atılmayıb. Diaspor təşkilatlarının bayraq qaldırıb xarici ölkə şəhərlərində tək yürüş keçirməsilə məsələ bitmir. Qərbi Azərbaycandan deportasiyaya məruz qalan soydaşlarımızın yenidən geri qayıtması, Xankəndi yolu ilə Ağdam yolunun açılması, Laçın yolu ilə bağlı erməni uydurmalarının darmadağın edilməsi istiqamətində diaspor təşkilatlarımızın fəaliyyəti demək olar ki, yox dərəcəsindədir. Bu məsələləri dünya dövlətlərinin diqqətinə çatdırmaq istiqamətində diaspor təşkilatlarımız təəssüf ki, olduqca passiv fəaliyyət göstəriblər”.
Rüfət Sultan
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
Şərhlər