Kosmik daşımalar və peyk interneti sahəsinin iki əsas oyunçusu – İlon Mask və Ceff Bezos bu dəfə orbitdəki "nəqliyyat qaydaları” səbəbindən qarşı-qarşıya gəlib. "SpaceX” və "Amazon” şirkətləri arasında uzun illərdir davam edən rəqabət, "SpaceX”in Federal Rabitə Komissiyasına təqdim etdiyi sərt şikayət məktubu ilə yeni mərhələyə keçib.
Qaynarinfo-nun məlumatına görə, "SpaceX” iddia edir ki, "Amazon” "Project Kuiper” peyklərini müəyyən edilmiş hündürlükdən xeyli yuxarı orbitə buraxaraq təhlükəsizlik qaydalarını pozur. Şirkətə görə, bu vəziyyət yalnız digər peyklər üçün deyil, həm də ekipajlı kosmik aparatların toqquşma riskini artırır.
"Amazon” isə bu ittihamları rədd edərək, buraxılış hündürlüklərinin hüquqi çərçivədə olduğunu və heç bir təhlükəsizlik pozuntusunun baş vermədiyini bildirib. Şirkət həmçinin qeyd edib ki, ötən il "SpaceX” özü də "Amazon” peyklərini oxşar hündürlüklərə daşıyıb və bu səbəbdən rəqibini ziddiyyətli davranmaqda ittiham edib. "Amazon”un fikrincə, əsas problem "SpaceX”in "Starlink” peyklərini həmin zonaya köçürdükdən sonra şikayət etməyə başlamasıdır.
"SpaceX”in məlumatına görə, 12 fevral 2026-cı ildə həyata keçirilən "Ariane 6” buraxılışı zamanı "Amazon” peykləri icazə verilən hündürlükdən 50–90 kilometr yuxarı yerləşdirilib. Bu isə "Starlink” peyklərini qısa müddətdə 30 dəfə toqquşmadan yayınma manevri etməyə məcbur edib. Şirkət koordinasiya çatışmazlığının ciddi risklər yaratdığını və xüsusilə 480 kilometr civarında olan bütün aparatların təhlükə altında olduğunu vurğulayıb.
"Amazon” isə bunu texniki zərurət kimi qiymətləndirir. Şirkət bildirir ki, buraxılış parametrlərinin son anda dəyişdirilməsi aylarla gecikməyə səbəb ola bilər və mövcud hündürlük qanuni "elastiklik diapazonu” daxilindədir. Bununla belə, "SpaceX”in narahatlıqlarını nəzərə alaraq, dördüncü missiyadan etibarən daha aşağı orbitlərdən istifadə ediləcəyini vəd edib.
Mübahisələr fonunda hər iki şirkətin orbit təmizliyi sahəsində göstəriciləri də tənqid olunur. "SpaceX” son dövrlərdə bəzi "Starlink” peyklərində baş verən nasazlıqlar və nəticədə yaranan kosmik tullantılar səbəbilə gündəmə gəlib. Müstəqil qurumlar bu tullantıların toqquşma deyil, texniki nasazlıqlar nəticəsində yarandığını təsdiqləyir.
Ekspertlər hesab edir ki, İlon Maskın orbitdə iri məlumat mərkəzi qurmaq planları nəzərə alınarsa, bu cür "kosmik trafik” mübahisələri gələcəkdə daha da kritik xarakter alacaq.
Aydın
Şərhlər