Xəbər lenti

FAO: Dünyada ərzaq qiymətləri artmağa davam edəcək
Dünya 19:31 04.04.2026

FAO: Dünyada ərzaq qiymətləri artmağa davam edəcək

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bildirib ki, mart ayında qida məhsullarının qiymətləri 2025-ci ilin sentyabrından bəri ən yüksək səviyyəyə yüksəlib. 

Qaynarinfo xəbər verir ki, təşkilatın xəbərdarlığına görə, Yaxın Şərqdəki münaqişə davam edərsə və bu, enerji daşıyıcılarının bahalaşmasına səbəb olarsa, ərzaq qiymətləri bundan sonra da artacaq.

FAO-nun ərzaq qiymətləri indeksi — taxıl, bitki yağları, süd məhsulları, ət və şəkərdən ibarət beş əsas ərzaq qrupunun beynəlxalq qiymət dəyişikliklərini ölçən göstərici — fevralla müqayisədə 2,4% artıb. Hazırda indeks ötən ilin mart ayı ilə müqayisədə 1% yüksəkdir, lakin 2022-ci ilin martında qeydə alınan rekord səviyyədən təxminən 20% aşağı qalır. Mart ayında ən kəskin bahalaşma şəkərdə (7,2%) və bitki yağlarında (5,1%) müşahidə olunub.

FAO-nun baş iqtisadçısı Maksimo Torero bildirib ki, münaqişənin başlanmasından bəri qiymət artımı nisbətən mülayim olub və əsasən neft qiymətlərinin artması ilə bağlıdır, lakin kifayət qədər qlobal taxıl ehtiyatları bu artımı məhdudlaşdırıb.

Onun sözlərinə görə, əgər münaqişə 40 gündən çox davam edərsə və resurs xərcləri yüksək qalarsa, fermerlər investisiyaları azalda, daha az əkin edə və ya gübrə tələb edən məhsullara keçə bilərlər. Bu qərarlar isə gələcək məhsuldarlığa və ilin sonuna, eləcə də gələn ilə qədər ərzaq təchizatı və qiymətlərə birbaşa təsir göstərə bilər.

Aydın

--> -->