"Onlayn ticarətin getdikcə həm dünyada, həm də Azərbaycanda populyarlıq qazanması ənənəvi ticarətin rolunu tədricən azalda bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli Bakıda "mallar"ın sayının artması ilə bağlı layihələrdən danışarkən deyib.
Ekspert Azərbaycanın da bu dəyişikliklərə hazır olmasını tövsiyə edib. Natiq Cəfərli bildirib ki, bu məsələ ilə bağlı geniş müzakirələrə ehtiyac var:
"Dünyada "mall"arın erası bitib. Bu sahədə yeni yanaşma və konsepsiyalar formalaşır. Artıq "mallar"ın əvvəlki kimi populyar olmadığı açıq görünür. Bəzi ölkələr bu konsepsiyadan ümumiyyətlə imtina edib".
Onun sözlərinə görə, "mallar" artıq satış mərkəzindən daha çox əyləncə məkanına çevrilir:
"Vətəndaşlar ora daha çox asudə vaxtlarını keçirmək üçün gəlirlər. Bakının Əhmədli qəsəbəsində böyük "mall" yoxdur. Ola bilər ki, ilkin mərhələdə "Əhmədli Mall" effekt versin, amma bir müddətdən sonra tədricən əyləncə mərkəzinə çevriləcək”.
Qeyd edək ki, Azərbaycanda yeni ticarət mərkəzinin tikintisinə start verilib. Əhmədli qəsəbəsində yeni "mall"la bağlı ilkin hazırlıq işlərinə artıq başlanıldığı iddia olunur. Layihənin "Əhmədli Mall" adlanacağı bildirilir.
Bahar Rüstəmli
Şərhlər