Bəzən bir təşəbbüs sadəcə bir fikirlə başlayır: kiçik bir niyyət, səmimi bir arzu və ülvi hisslər ilə. Amma o fikir insanları bir araya gətirəndə, əməyə çevriləndə və cəmiyyətə toxunanda artıq sadə ideya olmaqdan çıxır, bir dəyərə, bir missiyaya çevrilir.
Bu gün "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin rəsmi fəaliyyətə başlamasından 4 il ötür. Geriyə baxanda dörd il təqvim üçün adi görünə bilər. Amma bu illərin arxasında gecə-gündüz davam edən müzakirələr, bəzən hətta mübahisələr, saysız təşəbbüslər, qarşıya çıxan çətinliklər və ən əsası, heç vaxt geri çəkilməmək iradəsi dayanır.
İlk fürsətdəcə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova və onun kollektivinə xüsusi təşəkkür edilməlidir. Bu gün "Vətən Bağı" yaşayırsa, ilk dəstəyi onlardan almışıq. İlk ideyamız - "Vətən Bağı" Şəhidlər Parkının təməli Tərtərdə onların dəstəyi ilə qoyulub. Onda hələ heç biz təşkilat olaraq rəsmi qeydiyyata alınmamışdıq, Təşəbbüs Qrupu idik.
Bu 4 ildə görülən işlər sadəcə layihələrin siyahısı deyil. Bunlar insanların həyatına toxunan hekayələrdir. Hər bir layihə bir ümid, bir dəyişiklik və bəzən bir ailənin sevincinə çevrilən dəstəkdir. Burada xüsusilə Vətən müharibəsi iştirakçısı Tural Süleymanov ilə bağlı həyata keçirilən bir işimiz yadımıza düşür. Tural döyüş vaxtı Şuşaya yaxınlaşanda ürəyindən bir arzu keçir, tarı ilə Qarabağı fəth etmək, zəfərin səsini musiqi ilə ifadə etmək. Turalın bu arzusu dostlarımızın səssiz və təmənnasız dəstəyi ilə gerçəkləşdi. Bu, yalnız maddi dəstək deyil, həm də mənəvi borcun ödənməsi idi.
Əldə etdiyimiz uğurlar arasında QHT Agentliyindən qazanılan 3 layihənin uğurla başa vurulması da xüsusi yer tutur. Onların donorluğu ilə icra edilən bu layihələr yalnız təşkilat üçün deyil, cəmiyyət üçün də əhəmiyyətli nəticələr verdi və bizim üçün yeni imkanlar açdı.
2022-ci ildə "Vətən Bağı" Şəhidlər Parkında damcı suvarma sisteminin qurulması üçün xeyli vəsait tələb olunurdu. Dostların təşviqi, hətta tələbi ilə bankdan kredit götürüldü və üç il boyunca bu kredit vaxtında, dəqiq ödənildi. Bu dəstək sayəsində "Vətən Bağı" yaşayır, çiçəklənir və cəmiyyət üçün önəmli bir məkan kimi fəaliyyət göstərir.
Geridə qalan illərdə vetenbagi.az saytımız istifadəyə verildi. Bu, görülən işlərin şəffaf təqdimatı, ümidlərin paylaşılması və birgə fəaliyyətin simvolu üçün mütləq idi. Həmçinin sayt, neçə-neçə gəncə yazmaq, özünü formalaşdırmaq və özgüvən yaratmaq hissi aşıladı.
Keçən ay "Vətən Bağı" Şəhidlər Parkının ərazisində yerləşən hovuzun dağılması və ağacların suvarma sistemində problem yaranması ilə bağlı xalqımıza müraciət etdik. Tam olmasa da müəyyən məbləğ yığıldı və mümkün variantlarla tədbir görüldü. İşlər yekunlaşan kimi bunun da hesabatı təqdim ediləcək, hələ orada son tamamlama işləri gedir.
Keçən ilin dekabrında QHT və media camiəsini bir araya gətirərək səhər yeməyi təşkil etdik. Tədbir "Vətən Bağı” həmrəyliyi adlanırdı və ictimai birliklərlə media arasında əməkdaşlıq yaratmaq üçün bir addım idi.
Ən böyük gücümüz isə xalqın inamı və göstərdiyi dəstəkdir. İnsanlar inanmasa, heç bir təşəbbüs uzunömürlü ola bilməz. Bu inam illər ərzində əməl ilə möhkəmlənir və nəticələrlə təsdiqlənir.
Bu yol tək gedilməyib. Formalaşan komanda, könüllülər, tərəfdaşlar və dəstək olan hər bir insan bu hekayənin ayrılmaz hissəsinə çevrilib. Çünki ictimai birliklər ideyalarla yox, insanlarla yaşayır.
Bu yazı bir hesabat deyil. Bu, dayanıb geriyə baxmaq, görülən yolu dəyərləndirmək və eyni zamanda gələcəyə inamla addımlamaq üçün bir fürsətdir.
4 il bir son deyil. Əksinə, bu daha böyük hədəflərin başlanğıcıdır. Qarşıda görüləcək çox iş, toxunulacaq çox həyat, yazılacaq çox hekayə var və ən önəmlisi bu yol davam edir. Yanımızda olan hər kəsə təşəkkür edirəm.
Emin Tarverdiyev, "Vətən Bağı" Sosial Təşəbbüslər ictimai birliyinin sədri
Şərhlər