Dünya irsi siyahısına daxil olan məşhur turistik Ningalu bölgəsində mərcanların demək olar ki, 2/3-si məhv olub.
Qaynarinfo "The Guardian"a istinadən xəbər verir ki, alimlər bunu Avstraliyanın qərb sahillərini bürüyən misilsiz dəniz istilik dalğasından sonra açıqlayıblar.
Xüsusilə, rifin şimal lagunasında "dərin ekoloji sadələşmə” baş verib – bu mühitin əsasını təşkil edən vacib mərcan növləri məhv olub.
"Mərcanlar uzun müddət həddindən artıq isti suda qaldıqda, onlara rəng və qida verən yosunlardan ayrılırlar. Nəticədə yalnız şəffaf toxuma və onun altında ağ skelet qalır”, deyə məqalədə qeyd olunur.
Alimlər diqqətə çatdırırlar ki, okean planetdə yığılan artıq istiliyin təxminən 90%-ni udur və bu istilik yanacağın yandırılması, meşələrin qırılması və istixana qazlarının emissiyası səbəbindən yaranır.
Kertin Universitetindən tədqiqatçı Zoi Riçards mart ayında 40 km-lik sahədə səkkiz məntəqədə 1 600 mərcan koloniyasını araşdırıb – yəni ağarmanın pik həddə çatdığı dövrdə: "Bu, dəhşətli mənzərə idi – ağarma hər yeri bürümüşdü".
Komanda oktyabrda həmin əraziyə qayıtdıqda məlum olub ki, təxminən 1 000 mərcan artıq məhv olub: "Ümid edirdik ki, qismən ağarmış mərcanlar bərpa olunacaq, amma məlumatlar başqa şey göstərir: mart ayında rəngini itirənlərin demək olar ki, hamısı məhv olub".
Tədqiq edilən ərazilər Osprey və Tantabiddi mühafizə zonaları arasında yerləşir – adətən sahildən belə möhtəşəm mərcan quruluşlarını görmək mümkün olan məşhur dayvinq yerləri. Amma bu dəfə alimləri adət etdikləri "xışıltı” səsləri deyil, "ölümcül sükut” qarşılayıb.
"Yeganə özünü rahat hiss edən canlılar – dəniz xiyarları idi. Onlar qalıqlarla qidalanırlar”, deyə Riçards əlavə edib.
Yaxınlıqdakı Eksmut körfəzində vəziyyət daha yaxşı olsa da, Ningalunun şimal əraziləri biomüxtəlifliyin kəskin azalması və rif mühitinin mürəkkəbliyinin itirilməsi ilə üzləşib – bu isə sağlam ekosistemin əsas göstəriciləridir.
Alimlərin sözlərinə görə, Ningalu mərcanlarının məhvi artıq dünyanın 80-dən çox ölkəsində 80%-dən çox rifi əhatə edən dördüncü və ən ağır qlobal kütləvi ağarma hadisəsinin bir hissəsidir. Bəzi tədqiqatçılar artıq tropik mərcan riflərinin "geri dönüş nöqtəsini” keçdiyini deyirlər.
"Koral – okeanın termometridir. Onlar danışa bilmir, amma aydın siqnal verirlər: temperatur həddindən artıq yüksəkdir. Biz ekosistemlərin fəlakət həddində tənəzzülünü yaşayırıq. Bu, hər yerdə baş verir”, deyə Riçards izah edir.
Onun sözlərinə görə, vəziyyət o qədər ağırdır ki, ömrünü mərcanlara həsr etmiş biri kimi "riflərdən yalnız xatirələrin qalacağı anı təsəvvür etməyə başlayır”.
Aydın
Şərhlər