Xəbər lenti

Konqresdə Trampın impiçment məsələsi təxirə salındı -
Dünya 10:55 15.05.2025

Konqresdə Trampın impiçment məsələsi təxirə salındı - "Politico" səbəbi açıqladı

ABŞ-ın Miçiqan ştatından olan konqresmen Şri Tanedar aprelin sonunda Prezident Donald Trampa qarşı impiçment maddələrini Nümayəndələr Palatasına təqdim etsə də, onların səsverməyə çıxarılmasını təxirə salıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico” nəşri yazır.
 
Bildirilir ki, Tanedar çərşənbə günü öz qətnaməsini gündəliyə daxil etməyib və səsvermə üçün nəzərdə tutulmuş vaxt artıq keçib.

"Bir çox həmkarımla apardığım danışıqlardan sonra impiçment üzrə səsverməni tələsdirməməyə qərar verdim. Bunun əvəzinə, impiçment maddələrini daha da təkmilləşdirəcəyəm və Konstitusiyanı müdafiə etmək üçün həm demokratları, həm də respublikaçıları mənimlə birlikdə hərəkət etməyə çağıracağam”, – deyə o bildirib.

"Politico” yazır ki, demokratlar Trampın impiçmenti ilə bağlı səsvermənin məhz bu həftə gündəmə gətirilməsindən narazı qalıblar. Onların əsas diqqəti hazırda Respublikaçılar Partiyasının "Medicaid” (azgəlirli ailələr üçün tibbi sığorta) və digər federal proqramlarda ixtisarlar nəzərdə tutan qanun layihəsinə yönəlib. Respublikaçılar hazırda əhəmiyyətli vergi güzəştləri nəzərdə tutan qanun layihəsinin parlamentdə səsverməyə çıxarılmasına hazırlaşırlar.

Tanedarla söhbət edən bir neçə qanunverici bu həftə diqqətin Respublikaçıların vergi təşəbbüsünə yönəldilməsinin vacibliyini vurğulayıb. Bu barədə vəziyyətlə tanış olan anonim mənbə "Politico”ya məlumat verib.

Bununla yanaşı, nəşr qeyd edir ki, bir çox demokratlar Trampın doğrudan da onu impiçmentə aparacaq qanun pozuntuları törətdiyi qənaətindədir.

Konqresmen Tanedar Trampa qarşı impiçment təşəbbüsünü onun "Konstitusiyanı, Konqresi və məhkəmələri görməməzlikdən gəlməsi, Amerika uğrunda mübarizə aparmaq əvəzinə onu məhv etməsi və demokratiyamızı təhlükə altına atması” ilə əsaslandırıb.

Tanedar ümumilikdə Trampa qarşı yeddi impiçment maddəsi təqdim edib. O, Trampı Hökumət Effektivliyi Departamenti (DOGE) vasitəsilə Konqresin icazəsi olmadan bir sıra dövlət qurumlarının maliyyəsini qanunsuz şəkildə ixtisar etməkdə ittiham edir.

O, həmçinin Trampın aqressiv gömrük tarif siyasətini, jurnalistlərə təzyiqləri, ABŞ Konstitusiyasının söz azadlığını təmin edən Birinci düzəlişinin pozulmasını, rüşvət almaqda, məhkəmə sisteminin fəaliyyətinə müdaxilə etməkdə, vətəndaşların şəxsi məlumatlarını qanunsuz toplamaqda və "tiranlıq səlahiyyət həddini aşmaqda” günahlandırır.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->